İmanlı qardaşlardan ayrı olduqda imanımın azaldığını hiss edirəm.
Sual: Bir ay əvvəl müsəlman oldum və buna görə Allaha həmd, şükür edirəm. Bəzi saleh, imanlı qardaşlar ilə olduğumda özümü güclü hiss edirəm. Bununla belə, başım qarışdığından və yaxud işdən dolayı onlardan ayrıldığımda, ayrı qaldığımda hiss edirəm ki, imanım zəifləyir. Mənə bu barədə nə nəsihət edirsiniz?
Cavab: Həmd Allaha məxsusdur.
Sizə nəsihətimiz budur ki, xeyirli dostlardan möhkəm tutun və bəzi işlərdən dolayı onları tərk etməli olsanız, o zaman Allahdan qorxun və yadda saxlayın ki, Allah Sübhənahu və Təala hər zaman sizə nəzarət edir, görür və Allah onlardan da böyükdür.
Allah-Təala buyurur:
“Həqiqətən, Allah sizə nəzarət edir”.[1]
Allah-Təala həmçinin buyurur:
“O, səni (namaza) duranda da görür,
səcdə edənlər içində hərəkət edəndə də”.[2]
“Qəm yemə, Allah bizimlədir!”[3]
Allah hər zaman sizi görür, ona görə də Allahdan qorxun. Bilin ki, siz Onun qarşısındasınız və siz Ona itaət etdiyinizdə və asilik etdiyinizdə də O sizi görür. Ona görə də Allahın əzabından qorxun və Onun qəzəbinə gələcək əməlləri işləməkdən həzər edin.
Allah-Təala buyurur: “Allah sizi Özündən (Öz əzabından) çəkindirir”.[4]
“Təkcə Məndən qorxun”.[5]
Allaha qarşı sadiq olun və tənha olduğunuz zaman, dostlarınız ilə olduğunuz zaman Allahın dinindən möhkəm tutun. Harada olursunuzsa-olun Allah sizin söylədiklərinizi eşidir və etdiklərinizi görür, ona görə də öz ailənizdən və digər insanlardan daha çox Allahdan həya etməlisiniz.
Fətvalar və Müxtəlif Məqalələr cild 9, səh.39; Müəllif: Şeyx Alləmə Abd əl-Əziz ibn Abdullah ibn Bəzz (Allah ona rəhmət etsin)
[1] ən-Nisa,1.
[2] əl-Şüəra,218-219.
[3] ət-Tövbə,40.
[4] Ali İmran,30.
[5] əl-Bəqərə,40.


