Ulduz falı

Sual: Mən bilirəm ki, ulduz fallarını oxumaq haramdır. Çünki gələcəyi yalnız Allah bilir. Bu mənə aydın olduğu vaxtdan etibarən Allaha həmd olsun ki, ulduz falımı oxumağa son qoymuşam. Yuxu yozma da haramdırmı yoxsa olar? Yuxuda görürəm ki, məni oğurlayırlar və sonra həmçinin gördüm ki, xalam kerri krabı (zəncəfilli sarımsaqlı ədviyyə vurulmuş dəniz xərçəngi) yeyir və məni qucaqlayıb. İnternetdə yuxuyozmalar barədə səhifə var və yuxuda oğurlanmağın mənası budur ki, mən rüsvay bir vəziyyətə düşəcəm və xalamın məni qucaqlanmasının mənası isə budur ki, mən sevdiyimi itirəcəm. Bunlar doğrudurmu? Bunu açıqlaya bilərsinizmi?

 

Cavab:

Həmd Allaha məxsusdur.

Astrologiya, ulduz falı, mövhumat və fala baxmaq kimi bütün bu cür əməllər cəhalət dövründən qalan şeylərdir. İslam dini bunların yalan, batil oduğunu göstərmək və onların şirk olduğunu izah etmək üçün gəlmişdir. Çünki bütün bu əməllər özündə Allahdan başqalarına bel bağlamaq, asılı olmaq və Allahdan başqalarının fayda və zərər verəcəyinə inanmaq, eləcə də insanların mallarını aldadaraq, nahaqq yolla əldə etmək və onların inanclarını dəyişmək üçün qeybi bildiklərini iddia edən falçı və kahinlərin sözlərinə inanmaq kimi məsələləri ehtiva edir. Buna dair dəlil Əbu Davudun “Sünən” əsərində səhih bir isnadla İbn Abbasın (Allah ondan razı olsun) Allahın Rəsulundan (Ona Allahın salavatı və salamı olsun) rəvayət etdiyi hədisdir. Hədisdə belə deyilir: “Kim astrologiyadan bir şey öyrənərsə sehrdən bir şöbəni öyrənmişdir…”. Bəzzar yaxşı bir isnadla İmran ibn Hüseyndən (Allah ondan razı olsun) Allah Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) belə söylədiyini rəvayət edir: “Falçılıqla məşğul olan və yaxud falına baxdıran, insanların bəxti, qismətindən xəbər verən və yaxud bəxtini, taleyini öyrənən, sehr ilə məşğul olan və yaxud sehr elətdirən bizdən deyil.” Hər kim qeybə dair hər hansı bir məsələni bildiyini iddia edərsə o ya falçıdır, ya da müəyyən mənada falçı kimi çıxış edir, çünki qeyb barədə elm yalnız Allaha məxsusdur. Allah Təala buyurur:

“(Ya Rəsulum!) De: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!” [ən-Nəml 27:65]

Bu cür məsələlər ilə bu və ya digər şəkildə əlaqəsi olan hər bir kəsə nəsihətim budur ki, Allaha tövbə etsinlər və Ondan bağışlanma diləsinlər, yalnız Allaha bel bağlasınlar və bütün işlərində Ona güvənsinlər, bununla yanaşı şəriətdə buyurulan və yaxud icazə verilən səbəblərdən, vasitələrdən tutsunlar. Bu cür cəhalətdən əl çəksinlər, uzaq dursunlar və bu işlərə bulaşan insanlardan Allaha və Onun Rəsuluna, Ona Allahın salavatı və salamı olsun, itaət etmək niyyətilə heç bir şey soruşmasınlar və yaxud onların söylədiklərinə inanmasınlar və eləcə də, islama olan imanlarını və əqidələrini bu cür şeylərdən qorusunlar.

Şeyx ibn Bəzz, Fətvalar Məcmusu, 2/123

http://islam-qa.com/en/ref/2538