Peyğəmbər göndərilməmişdən əvvəl ərəblərin Allah anlayışı?

Sual: Bildiyimiz kimi müqəddəs Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) atasının adı Abdullah idi və o Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dünyaya gəlməsindən əvvəl vəfat etmişdi. Bunu nəzərə alaraq, Allah-Təala Peyğəmbəri (sallallahu aleyhi və səlləm) göndərməmişdən öncə ərəblərdə Allah anlayışının necə olduğunu bizə açıqlamağınzı xahiş edirik. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) doğumundan əvvəl onlar bu kəlmə ilə  tanış idilər? Onlar Allahı bütlərdən) necə fərqləndirirdilər?

Cavab: Nəzərinizə çatdırım ki, İslamdan öncə ərəb cəmiyyətləri heç də ateist, Allahın mövcudluğunu inkar edən və yaxud Rəbbin, Yaradıcının və Ruzi verənin olduğundan bixəbər bir cəmiyyət olmayıb. Onlar bunu bilirdilər və onlar hələ də İbrahim aleyhissalamın dinindən qalan bəzi şeyləri qoruyub saxlamışdılar, yəhudilər və xristianlar ilə təmasda idilər, əlaqələri var idi. Bununla belə onların problemi o idi ki, onlar ibadətdə Allahı təkləşdirmirdilər. Allahla yanaşı digər saxta ilahlara da ibadət edərək onları Allaha ibadətdə şərik qoşurdular. Onlar həmin batil ilahlarına, bütlərinə onların Rəbb, Yaradıcı və Ruzi verən olduğunu qəbul etdiklərindən ibadət etmirdilər. Lakin onlar iddia edirdilər ki, ibadət etdikləri bu bütlər, ilahlar onlarla Allah arasında vasitəçi, şəfaətçi idilər. Onlar ilə Allah arasında vasitəçilik edəcəklər, onları Allaha daha da yaxınlaşdıracaqlar. Belə ki, Allah-Təala onlar barəsində buyurur:

“(Ya Rəsulum!) Həqiqətən, əgər sən (müşriklərdən): “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər”.[1]

Bu göstərir ki, onlar Allahın yaradıcı, Xaliq olduğunu təsdiq edirdilər.

Başqa bir ayədə Allah-Təala buyurur: “Həqiqətən, əgər onlardan: “Göyləri və yeri kim yaratmışdır?!” – deyə soruşsan, mütləq: “Allah!” – deyə cavab verəcəklər”.[2]

Çoxsaylı ayələr dəlalət edir ki, onlar Allahın Təkliyinə (Tövhid əl-Rububiyyə) iman edirdilər; onların şirki (başqalarını Allaha ibadətdə Ona şərik qoşmaq) Tövhid əl-Uluhiyyədə idi.

Allah-Təala onlar barəsində buyurur: “Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər)”.[3]

Yəni, onlar deyidilər ki, biz onlara bizi Allaha daha da yaxınlaşdırmaları üçün ibadət edirik[4].

Şeyx Sad əl-Hümeyd

 


[1]  Loğman,25.

[2] əz-Zumər,98.

[3] əz-Zumər ,3.

[4] Qeyd: Dövrümüzdə özünü müsəlman adlandıran bəzi insanlar cahillikərindən, elmsizliklərindən dolayı, o vaxtkı ərəblər kimi bu cür şirkə yol verirlər. Məsələn, pirlərə gedirlər və iddia edirlər ki, pirdə yatan ölü insan onları eşidir, onların duasını qəbul edir və yaxud onları Allaha yaxınlaşdırır. Allah cahilliyi məhv etsin. Allah onları doğru yola hidayət etsin.