“Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir?” ayəsi

Sual: Bu ayə İnsan surəsi və yaxud Əsr surəsindəki bir ayə ilə bağlıdır. “Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir” ayəsində keçən “bir dövrdən” nə nəzərdə tutulur? Adəm (aleyhissalam) və İsa (aleyhissalam) ayədə qeyd olunan insan kəlməsinin əhatə dairəsinə daxildir?

Cavab:

Həmd Allaha məxsusdur.

İnsan surəsi nəzakətli ritorik sual ilə başlayır və insana xəlq olunmamışdan əvvəl onun heç bir şey olduğu həqiqətini xatırladır. İnsan xəlq olunmamışdan əvvəl heç bir şey idi və sonra Allah onu xəlq etdi və onu zikr olunmaq üçün dəyərli etdi. Dinləyicinin diqqətini cəlb etmək və bunun ardınca gələn kəlamları eşitməsi üçün ayə sual formasında başlayır. Allah-Təala buyurur: “Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir?”[1]

Bu ayədəki insan sözü bütün bəşəriyyəti əhatə edir. Çünki bütün bəşər xəlq olunub. Mövcud olmamışdan və zikr olunmaya layiq bir şey olmamışdan sonra onlar mövcud oldular. Allah-Təala necə ki, Zəkəriyyə (aleyhissalama) deyir:

“(Mələk) dedi: “Elədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!”[2]

Şeyx Abd ər-Rəhman əs-Sadi (Allah ona rəhmət etsin) demişdir:

“Bu surədə Allah-Təala insanın ilk halını xatırladır, həmçinin onun əvvəlini, orta dövrünü və sonunu xatırladır. Allah-Təala bildirir ki, insan uzun müddət-xəlq olunmamışdan əvvəl- heç bir şey idi, hətta zikr olunmağa belə dəyməzdi”.[3]

Alləmə ət-Tahir ibn Aşur (Allah ona rəhmət etsin) demişdir:
“Nəzərdə tutulan məna budur: “Mövcud olan hər bir insan dərk edirmi ki, o uzun müddət yox olmuşdur və zikr olunmağa layiq bir şey olmamışdır, yəni onun adı yox idi və onun haqqında söz edilmirdi. İnsan sözü ümumi şəkildə bəşərə nisbət etmək üçün işlədilmişdir. Necə ki, ayədə zikr edilir:

“2 Həqiqətən, insan ziyan içərisindədir.
3 Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər­­ və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa”.[4]

Yəni, məgər hər bir insanın heç bir şey olmadığı bir zaman müddəti olmayıb? “Dahr” uzun müddət deməkdir”.[5]

Ola bilsin ki, İbn Abbas və İbn Cüreycdən rəvayət olunan bu rəy ayədə keçən və “insan sözündən xüsusilə Adəm nəzərdə tutulur” rəyindən daha doğrudur. Məzmun mənaca ümumidir və özündən sonra gələn ayənin ümumi mənasına işarə edir. Allah-Təala buyurur: “İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik”.[6]

Məlumdur ki, nütfədən  xəlq olunanlar Adəmin övladlarıdır. Beləliklə, bu göstərir ki, birinci ayədə insan sözü işlədildikdə bütün bəşəriyyət nəzərdə tutulur.
İnsan ilk öncə mövcud olmamışdır kəlamı insanın yaradılışı və həqiqəti ilə bağlıdır. Bu mənada bu ifadəyə bütün bəşəriyyət, hətta rəsullar və peyğəmbərlər də daxildir. Onların hamısı əvvəlcə mövcud olmamışdır, sonra Allah onları xəlq etdi.

Allahın elminə gəldikdə isə, bütün bəşəriyyət Allah-Təalanın əzəli elmi ilə Ona (əvvəlcədən) məlumdur və Lövhi Məhfuzda yazılıb. Lakin rəsullar və peyğəmbərlər yüksək məqamlarla xüsusi olaraq zikr olunurlar. Ona görə də onlar insanların ən yaxşılarıdır və Allahın elmində onların zikr olunması Allah-Təalanın onlara əta etdiyi peyğəmbərliyin, risalətin uca mərtəbəsinə müvafiqdir.

Ən doğrusunu Allah bilir.

http://islam-qa.com/en/ref/110417

 


[1] əl-İnsan,1.

[2] Məryəm,9.

[3] Təysir əl-Kərim əl-Rəhman fi-Təfsir Kəlam əl-Mənnan (səh.900).

[4] Əsr,2-3.

[5] ət-Təhrir vəl Tənvir,29/345-346.

[6]  İnsan,2.