"Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, (haqq yoldan) azmışlar sizə zərər yetirə bilməzlər" ayəsini necə başa düşək?

Sual: Möhtərəm şeyx, Allah Azzə və Cəllənin “Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, (haqq yoldan) azmışlar sizə zərər yetirə bilməzlər. Hamınızın dönüşü Allaha olacaq və O, etdiyiniz əməllər barədə sizə xəbər verəcəkdir.” [əl-Maidə 5:105] ayəsi ilə Allah Rəsulunun (Ona Allahın salavatı və salamı olsun): “Sizdən kimsə bir münkər görərsə onu əli ilə dəyişsin. Əgər gücü çatmasa dili ilə, bunu da bacarmasa qəlbi ilə dəyişsin. Bu isə imanın ən zəif dərəcəsidir.” hədisində bildirilən mənaları necə cəm edək? Müslim (49); “İman Kitabı.”

Cavab:

Ayələr ilə hədislər arasında heç bir ziddiyyət yoxdur. Eləcə də, əvvəlki ayə ilə Allah təalanın: “Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın.” [Ali İmran 3:104] ayəsi arasında ziddiyyət yoxdur. Çünki sözü keçən: “Siz doğru yolda olsanız, (haqq yoldan) azmışlar sizə zərər yetirə bilməzlər” ayəsi aşağıdakı mənanı ehtiva edir: “Yəni, Biz sizləri Öz hidayətimiz ilə doğru-haqq yola yönəltdiyimizə görə, siz də yaxşı işlər görməyi əmr edib, pis işlərdən çəkindirin. Bununla belə əmr bil məruf və nəhy ənil münkər (yaxşı işlər görməyi əmr edib pis işlərdən çəkindirmək) fayda vermədikdə, hər kəs (tərcüməçinin sözü: öz imanını gücləndirməklə, qorumaqla, günahlardan çəkinmək yolu ilə, bacardığı qədər Allahdan qorxmaqla) özünün qeydinə qalmalıdır.

Ona görə də Allah Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) belə söylədiyi rəvayət edilmişdir: “Öz nəfsinizdə və başqalarının nəfsində xəsislik, onun istək və arzularına tabe olmaq, dünyanı axirətə tərcih etmək və öz fikirlərindən xoşlanaraq qürur duymaq kimi hallar (öz rəyini Allah və Rəsulunun sözündən önə keçirdiyini) görsəniz, yenə yaxşı işlər görməyi əmr edib pis işlərdən çəkindirin. Xüsusilə də özünüzün qeydinə qalın, nadanlardan və onların əməllərindən uzaq olun.”

“Ey iman gətirənlər! Öz qeydinizə qalın!” [əl-Maidə 5:105] ayəsindən qəsd edilən məna budur ki, bir insanın yaxşı işlər görməyi əmr edib pis işlərdən çəkindirməyə gücü çatmasa və yaxud yaxşı işlər görməyi əmr edib pis işlərdən çəkindirməyi fayda verməsə, o halda hər kəs öz qeydinə qalmalıdır. Ona görə də, Əbu Bəkr (Allah ondan razı olsun) bu ayələri oxuyub deyərdi:

“Ey insanlar! Siz Allah Təalanın: “Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, (haqq yoldan) azmışlar sizə zərər yetirə bilməzlər” ayəsini oxuyursunuz, mən Allah Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) belə söylədiyini eşitdim: “İnsanlar bir münkəri görüb onu dəyişmədikdə və ya bu işdə tərəddüd etdikdə, Allah təala onların hamısını cəzalandırar”.

Əbu Davud (4338), “Kitabül Mülahim”; Tirmizi (2168), “Kitabül Fitən”; İbn Macə (4005), “Kitabül Fitən”; Şeyx Albani hədisin isnadını səhih olaraq təsnif etmişdir. Bax. “Əhadis Mişkat” (5142)

Şeyx ibn Üseymin, ‘Açıq Görüş’, Cild 31-32, sual 937, səh. 21-23