"Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz" [Rad 13:11] ayəsinin təfsiri
Sual: Rad surəsində Allah Təbarakə və Təalanın «Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz» [Rad 13:11]ayəsinin təfsiri nədir?
Cavab: Həmd Allaha məxsusdur.
Bu ayəti-kərim əzəmətli bir ayədir və dəlalət edir ki, Allah Təbarəkə və Təala Öz kamil ədaləti və mükəmməl hikməti ilə bir qövmün halını, vəziyyətini, halını xeyirdən şərə, şərdən xeyirə, asanlıqdan çətinliyə, çətinlikdən asanlığa o zaman dəyişir ki, həmin qövm özlərini dəyişmiş olsunlar. Əgər islah və doğru yol üzərində olduqları halda özlərini dəyişsələr, Allah onlara cəza, fəlakət, çətinlik, quraqlıq, aclıq, firqələrə parçalanmaq və digər cəza növləri göndərməklə etdikləri əməllərin növünə müvafiq olaraq onları cəzalandırmaqla hallarını dəyişər.
Allah Sübhənahu buyurur:
“Kim yaxşı iş görsə, (xeyri) özünə, kim də pislik etsə, (zərəri) özünə olar. Sənin Rəbbin qullara zülm edən deyildir” [Fussilət 41:46]
Və yaxud onlara möhlət və vaxt verir ki, onlar doğru yola dönsünlər, lakin doğru yola dönmədikləri təqdirdə Allah onları gözləmədikləri bir halda Öz cəzası ilə yaxalayır (istidrac-yavaş-yavaş özləri də bilmədən həlak edər). Necə ki, Allah Təala buyurur:
“Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar” [əl-Ənam 6:44].
Mənası odur ki, Allah onları bütün xeyirdən məhrum edər. Allahın cəzasını qazanmaqdan və qəzəbinə gəlməkdən Ona pənah aparırıq.
Və yaxud ola bilsin ki, Allah Təala onlara Qiyamət Gününə qədər möhlət versin, halbuki bu vaxt onların cəzası daha şiddətli olacaqdır. Allah Təala buyurur:
“Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. (Allah) sadəcə onları (cəzalandırmağı) gözlərin bərələ qalacağı günə saxlayır” [İbrahim 14:42]. Yəni, ölümlərindən sonraya qədər onlara möhlət verilir və bu zaman cəza daha böyük və daha şiddətli olacaqdır.
Və yaxud onlar şər, fitnə-fəsad və günah, bəla, asilik üzərində ikən bunlardan tövbə edib Allaha tərəf dönə bilərlər və günahlarına görə peşmançılıq hissləri keçirib Allaha itaətə bağlanarlarsa, nəticədə xeyirxah əməlləri və Allaha tövbə etmək kimi səbəblərdən Allah onların düçar olduqları biçarəlik, çətinlik və yoxsulluqdan hallarını asanlıq, birlik və xeyir, islaha doğru dəyişər. Başqa bir ayədə deyilir:
“Bu, ona görədir ki, bir camaat nəfslərində olanı dəyişməyincə, Allah da onlara verdiyi neməti dəyişən deyildir. Şübhəsiz ki, Allah Eşidəndir, Biləndir” [əl-Ənfal 8:53].
Bu ayədə bizə bildirilir ki, onlar nemət, asanlıq və xeyir üzərində olduqları halda daha sonra bunları günah ilə dəyişsələr onların halı da müvafiq olaraq dəyişəcəkdir – Güc və Qüdrət Allaha məxsusdur – və yaxud yuxarıda qeyd olunduğu kimi onlara möhlət verilir. Eləcə də bunun əksi: onlar günah, asilik və yaxud küfr və zəlalətdə olub tövbə etsələr, günahlarına görə peşman olub Allaha itaətə bağlansalar, Allah onların halını pis haldan yaxşı hala doğru dəyişər. Onların parçalanmasını sözlərinə bir olması və nizam intizam, çətinliklərini asanlıq, rifah və bolluq ilə dəyişər. Quraqlıq, aclıq, su azlığı və s. digər hallarını bol yağış, əkin ilə və digər xeyir növlərinə dəyişər. Sitatın sonu.
Şeyx ibn Bəzz, “Fətvalar Toplusu”, (24/249-251)


