Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin [Hud 11:6] ayəsinin təfsiri
Sual: Allah-Təala buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin” [əl-Hud 11:6]. Bu ayənin mənası budur ki, Allah Sübhənahu yer üzündə mövcud olan insan, heyvan və həşərat və s. hər bir şeyin ruzisini verməyi Öz üzərinə götürmüşdür. Afrika və digər ölkələrdə bəzi yerlərdə baş verən aclığı necə izah edə bilərsiniz?
Cavab:
Həmd Allaha məxsusdur.
Bu ayəni zahirinə görə başa düşmək lazımdır. Allah təalanın təqdir etdiyi fəlakət və aclıq yalnız əcəli başa çatan və ruzisi kəsilən kəslərə sirayət edir. Ömürlərindən və ruzilərindən hələ də qalan kəslərə gəldikdə Allah təala onların ruzisini bir çox yol ilə verir, bu yolların bəziləri bizə məlum ola da bilər, olmaya da bilər. Çünki Allah təala buyurur:
“Allahdan qorxana, (Allah) çıxış yolu göstərər
3 və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər” [Talaq 65:2-3]
“Neçə-neçə canlılar vardır ki, ruzisini (öz yanında) daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir” [əl-Ənkəbut 29:60]
Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Ruzisini və əcəlini tamamlamadıqca heç bir nəfs ölməyəcəkdir.”
Allah təala insanı tənbəllik etdiyinə görə və qadir olduğu halda ruzi axtarmaqdan acizlik etdiyinə görə və ya Allahın nəhy etdikləri günahları işlədiyi üçün yoxsulluq və ruzidən məhrum etməklə onu cəzalandıra bilər. Allah təala buyurur:
“Sənə gələn yaxşılıq Allah-dandır, sənin başına gələn bəla isə sənin özündəndir” [ən-Nisa 4:79]
“Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız (günahlar) üzündəndir. (Allah) (günahların) çoxunu bağışlayır” [əş-Şura 42:30]
Həmçinin səhih bir rəvayətdə nəql olunur ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “İnsan işlədiyi günaha görə ruzisindən məhrum buraxılır.” İmam Əhməd, Nəsai və İbn Macə ceyyid (yaxşı) isnad ilə hədisi rəvayət etmişdirlər.
Allah təala insanı yoxsulluq, xəstəlik və digər fəlakətlər ilə imtahana çəkir ki, onun şükr və səbr edib etmədiyini yoxlasın. Çünki Allah təala buyurur:
“155 Bizi sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver.
156 O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər” [əl-Bəqərə 2:155-156].
“ Biz onları yaxşılıq və pisliklə sınadıq ki, bəlkə (doğru yola) dönələr” [əl-Əraf 7:168]
Ayədəki “yaxşılıq”sözündən nəzərdə tutulan məna “nemət” və “pislik” sözündən nəzərdə tutulan məna isə fəlakətlərdir. Və peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Möminin halı necə də qəribədir, çünki onun bütün işləri xeyirdir, xeyir var. Və bu ancaq möminə xasdır. Onun başına xeyir bir iş gəldikdə şükr edər və bu onun üçün xeyir olur, başına xoşagəlməz bir iş gəldikdə o buna səbir ilə dözər, və bu da onun üçün xeyir olar”. İmam Müslim bu hədisi özünün Səhih əsərində rəvayət edir.
Bu barədə bənzər ayə və hədislər çoxdur.
Müvəffəq edən Allahdır.
Fətvalar Məcmuəsi, 24/241


