“Əziyyət verən müsəlman bir şəxsi 100 dəfə tərk etmək” hədisi səhihdirmi?
Sual: Bir il bundan öncə rəfiqələrimdən birinə cavab verilməsi məsləhət görülməyən bir sual verdim, çünki həmin rəfiqəm bu sualdan xoşlanmadı və o vaxtdan bəri mənimlə söz kəsməməyə və yaxud az danışmağa qərar verdi. Bir il sonra bəzi məsələlər mənə aydın olduqda ondan bunun səbəbini soruşdum. O dedi: “Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) hədislərindən birinin mənası budur ki, bir şəxs səni bu və ya digər şəkildə incitsə onu 100 dəfə tərk et. Bu doğrudurmu? Bununla bağlı hədis varmı?
Cavab: Həmdü-sənalar Allaha məxsusdur.
Bu mənada hər hansı bir hədisə rast gəlməmişik, eləcə də bunun səhih və yaxud məqbul bir hədis olduğunu düşünmürük. Müsəlmanın müsəlman qardaşını tərk etməkdən çəkindirən bir çox hədis nəql olunub. Həmçinin xətalardan keçmək, qüsurlara göz yummaq və yaxud hər hansı bir səhv etdikləri zaman qardaşları və dostları bağışlamağa təşviq edən, həvəsləndirən bir çox ayə və hədislər vardır. Heç bir qanuni səbəb olmadan müsəlmanı tərk etməyə təşviq edən hədis necə səhih ola bilər ki?
Möminlərin Əmiri Ömər ibn Xəttab (Allah ondan razı olsun) demişdir:
“Müsəlman qardaşından sadir olan bir sözün xeyir olduğunu düşünməyi mümkün olduğu halda onun haqqında pis zənn etməsi müsəlman bir kişiyə halal deyil”.
İbn Abdulbərr, “Əl-Təmhid”, (18/20)
Əl-Əhnəf ibn Qeys demişdir: “Üç xüsusiyyətinə:
- Əsəbi olduqda xətrinizə dəydikdə;
- Bir-birinizi tanıdığınızdan dolayı (tanış, yaxın olduqlarında) xətrinizə dəydikdə;
- Qəsdən deyil, bilməyərəkdən xətrinizə dəydikdə, bunlara dözmək dostun haqqındandır.
Başqa biri demişdir: Mən qəti olaraq kimisə söymədim, çünki nəcabətli bir insan məni söysə (incitsə), ona qarşı bağışlanma mövqeyi tutmağa daha haqlı olduğumu düşünürəm, cahil bir insanın məni söyməsinə (incitməsinə) gəldikdə isə, mən ona səbəb yaratmaram ki, mənim şərəfimi təhqir etsin”.
Bax. İmam Qəzəli, “Ulum əl-Din”, (2/183-186)
Ey hörmətli sual verən, anlamaq lazımdır ki, xəbis şeytanın ən böyük qayə və hiylələrindən biri müsəlmanlar arasında nifrət və düşmənçilik toxumlarını səpməkdir.
Cabir ibn Abdullahın (Allah ondan razı olsun) belə söylədiyi rəvayət olunmuşdur: “Mən Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə söylədiyini eşitdim: “Şeytan ibadət edənlərin Ərəb Yarmadasında ona ibadət edəcəyindən artıq ümidini kəsmiş, lakin onlar arasında çaxnaşma salmaqdan ümidini kəsməmişdir”.
Ona görə də, Allah təala müsəlmanlar arasında düşmənçilik və nifrətə aparan hər bir şeyi qadağan etmişdir. Allah təala buyurur: ”Həqiqətən, şeytan sərxoşedici vasitələr (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?”. (əl-Maidə, 91).
İmam Münzirinin “Ət-Tərğib vəl Tərhib”, (3/304) adlı kitabında “biri-digərini tərk edən müsəlmanı” məzəmmət edən hədislər barədə oxuya bilərsiniz. O, bu kitabda bir-birini tərk etmək barədə xəbərdarlıq, bir-birinə qarşı paxıllıq, həsəd aparmaq və bir-birinə üz döndərmək barədə sünnədə varid olan mövzuların əksəriyyətini cəm etmişdir.
Ən doğrusunu Allah bilir.


