Kim sübh namazını əda edərsə Allahın himayəsində olar – hədisinin şərhi
Sual: “Kim Fəcr[1] namazını camaatla əda edərsə Allahın himayəsi altında olar” hədisinin mənası nədir? Allahın himayəsi dedikdə nə nəzərdə tutulur? Əgər bir kəs öz zövcəsi ilə evdə namaz qılırsa, hədisdə qeyd olunan fəzilət onlara da şamil edilirmi?
Cavab: Həmdü-sənalar Allaha məxsusdur.
Cundub ibn Abdullaha radiyallahu anhu istinadən onun belə söylədiyi xəbər verilir: “Allahın Rəsulu sallallahu aleyhi və səlləm dedi: “Kim Fəcr namazını əda edərsə Allahın himayəsi altında olar. Odur ki, Allahın haqqlarını yerinə yetirməkdə sizdən gözləninləri yerinə yetirin. Çünki kim bu cür etməzsə, Allah onu yaxalayıb üzü üstə Cəhənnəm atəşinə atar”.[2]
ət-Tibi (Allah ona rəhmət etsin) demişdir:
“Burada Fəcr namazının adının xüsusi ilə qeyd olunmasının səbəbi bu namazın icrası ilə bağlı çətinlikdən irəli gəlir. Fəcr namazını əda etmək insanın müxlisliyi və möminliyinin göstəricisidir. Kim müxlis mömin olarsa Allahın himayəsi altında olar”.[3]
Hədisin açıqlaması:
Bu barədə elm adamları arasında iki rəy var:
Birinci rəy:
Hədis işarə edir ki, sübh namazını əda edən hər hansı bir müsəlmana zərər toxundurmaq qadağandır. Çünki fərc namazını əda edən kəs Allahın himayəsi və mühafizəsi altında olur və Allahın mühafizə etdiyi istənilən bir kəsə zərər vermək qadağandır. Hər kim ona zərər verərsə, o Allahın mühafizəsinə qarşı həddi aşmış və bu həddi tapdalamışdır. Deməli, o kəs Allahın mühafizəsinə təcavüz etdiyinə görə və Allahın himayəsi altında olana zərər verdiyinə görə Allahın cəzasına layiqdir”.[4]
Şeyx İbn Üseymin (Allah ona rəhmət etsin) “Riyadus Salihin (Salehlər Bağı)”, (1/591) əsərinin şərhində bu hədis barədə demişdir:
“Bu göstərir ki, fəcr namazını əda etməklə müsəlmanlığını təsdiq edən müsəlmanlara hörmətlə yanaşmaq, onlara ehtiram göstərmək vacibdir. Çünki Fəcr namazını mömin kəsdən başqası qılmaz. Bu səbəbdən onlara qarşı heç kəs həddi aşmamalıdır”. Sitatın sonu.
ət-Təbəraninin “əl-Mücəm əl-Əvsat” (4/5) əsərində həmin isnadla keçən rəvayət buna dəlalət edir. Şeyx əl-Albani “Səhih ət-Tərğib” (1/110) əsərində demişdir: “… bu rəvayət səhihdir. Çünki bu barədə dəstəkləyici xarakterli digər rəvayətlər var”.
əl-Amaşın belə söylədiyi rəvayət olunur:
“Səlim ibn Abdullah ibn Ömər, əl-Həccacla oturmuşdu. əl-Həccac ona dedi: “Qalx bu adamın boynunu vur. Səlim qılıncı götürdü və həmin adamdan yapışıb sarayın darvazasına tərəf yollandı. Bu adamı bayıra apararkən (Səlimin) atası ona baxdı və dedi: “O bunu doğurdanmı edəcək? Və bunu iki və ya üç dəfə təkrarladı və Səlim (boynunun vurulması əmr olunan) kəs bayıra çıxdıqda ondan soruşdu: “Sən sübh namazını qılmısanmı? O dedi: “Bəli. Səlim: “Elə isə istədiyin yerə çıx get”-deyə buyurdu. Daha sonra o geri döndü və qılıncı yerə atdı. Həccac ondan soruşdu: “Onun boynunu vurdunmu? O cavabında: “Xeyr”-deyə söylədi. O (Həccac) dedi: “Nə üçün?”. O (Səlim) dedi: “Mən atamın belə söylədiyini duydum: “Allah Rəsulu sallallahu aleyhi və səlləm demişdir: “Kim Fəcr namazını əda edərsə axşam düşənə kimi Allahın himayəsində olar”.
İkinci rəy:
Hədis “fəcr namazını tərk etməmək və yaxud buna laqeyd yanaşmamaq”barədə xəbərdarlıqdır. Çünki bunu tərk etmək qul ilə Rəbbi arasında olan əhd-peymanı pozmaqdır. Bu əhd-peyman namaz və bunun müntəzəm qılınmasıdır.
əl-Beydəvi demişdir:
“Hədisdə keçən “himayə” kəlməsinin mənası ola bilsin ki? namaz qılmaqla (Allahın cəzasından) “əmin-amanlıqda qalmaq”dır. Ona görə də hədisin mənası: “Fəcr namazını tərk etməyin, bundan qafil olmayın ki, Rəbbinizlə aranızda olan əhd-peymanı pozmayasınız və Allah da sizi yaxalamasın, Allah kimi yaxalasa onu üzü üstə Cəhənnəmə atar. Çünki Fəcr namazı insana bir az çətin və ağır gəlir. Buna görə də, fəcr namazını əda etmək möminin ixlasının bir nişanəsidir və hər kim müxlis olarsa Allahın himayəsində olar”.[5]
Alimlərdən bəzilərinin fikrincə hədisdə “Allahın himayəsində olmağın fəziləti” sübh namazını yalnız camaatla əda edən kəsə aiddir. Ona görə də, İmam Nəvəvi (Allah ona rəhmət etsin) “Səhih Müslim “əsərinin nəşrində bu hədisi “İşa və Sübh namazlarını camaatla yerinə yetirməyin fəziləti” başlığı altında vermişdir.
əl-Munziri (Allah ona rəhmət etsin) bu xüsusda onu qabaqlamışdır. Belə ki, o bu hədisi özünün “əl-Tərğib vəl Tərhib” əsərində “Sübh və İşa namazlarını xüsusilə camaatda qılmağa təşviq və bunları tərk etməyin təhlükəsi” başlığı altında qeyd etmişdir.
Məhz İmam Müslim də bu cür etmişdir. Bu hədisdən əvvəl təxminən iyirmi, bundan sonra isə çox sayda hədis rəvayət etmişdir. Bütün bu hədislərdə namazı camaatla əda etmək və aidiyyatı məsələlərdən bəhs edilir.
Ona görə də, əl-Hafiz Abdulhaqq əl-İşbili özünün “əl-Sahiheyn” kompilyasiyasında[6] bu hədisi “Camaatla namaz” (923) adlı fəsildə vermişdir.
əl-Mübarəkfuri eyni hədisi “Şərh əl-Tirmizi”də sitat gətirmiş və demişdir: “Fəcr namazını camaatla əda edən”. Sitatın sonu.
İbn Əllan “Dəlil əl-Fəlihin” (3/550) əsərində demişdir: “…digər rəvayətdə qeyd olunduğu kimi “camaatla namaz”.
Bu deyilənləri Əbu Bəkrənin Allah ondan razı olsun rəvayət etdiyi aşağıdakı hədis də gücləndirir. Hədisdə deyilir: “Hər kim fəcr namazını camaatla əda edərsə Allahın himayəsi altında olar…”.
əl-Heysəmi (2/92) Allah ona rəhmət etsin demişdir: “Təbərani bunu “əl-Kəbir” əsərində rəvayət etmişdir və hədisin ricalları səhihdir.
əl-Munziri “əl-Tərğib” əsərində demişdir: “Bu hədisin isnadında ricallar səhihdir.
Şeyx əl-Albani (Allah ona rəhmət etsin) demişdir: “Bu hədis səhihdir. Çünki bu barədə biri-digərini dəstəkləyən, gücləndirən sübut-dəlillər var”.[7]
Qeyd: Bu əlavə məlumatları həmçinin əl-Mənavi sitat gətirmişdir və o bunu Müslimə istinad etmişdir. Lakin o xəta etmişdir. “Camaatla əda edərsə” əlavəsi Müslimdə və yaxud altı kitabların heç birində yoxdur.
Hədisdə bildirilən fəzilətə Fəcr namazını vaxtlı-vaxtında əda edən hər bir kəsin, namazı camaatla əda etməsə belə, nail olacağı da deyilmişdir. Çünki nə Müslimin, nə də altı kitab müəlliflərindən heç birinin rəvayətlərində belə bir məhdudiyyətdən bəhs edilmir.
Görünür ki, bu İbn Macənin (Allah ondan razı olsun) başa düşdüyü mənadır. Belə
ki, o bu hədisi özünün “Sünən” əsərində “Fitnələr” adlı Kitabında “Müsəlmanlar Allahın himayəsi altındadırlar” fəslinə daxil etmişdir.
Bu rəyi həmçinin İbn Hibban özünün “Səhih” (6/36) əsərində irəli sürmüşdür: “Fəcr namazını əda edənin Allahın himayəsi altında olmasının təsdiqi” fəsli. Bu namazı əda edən hər kəsə şamil edilir.
3. Əmr olunan və savab qazandıran camaat namazı məsciddə camaatla əda edilən namazdır, digər camaat namazı bura aid deyil.
Fəcr namazını camaatla əda etməyin fəzilətindən bəhs edən bir sıra rəvayətlər var:
Təbərinin Təfsirində (3/270), “onlar səbr edən, doğru danışan, müti olan, (malından Allah yolunda) xərcləyən və sübh çağına yaxın bağışlanma diləyən kimsələrdir” (Ali İmran 3:17) ayəsinin şərhində Zeyd ibn Əsləmin belə bildirdiyi rəvayət olunur: “Onlar o kəslərdir ki, Fəcr namazını camaatla əda edərlər”.
“Onlar (gecə namazını qılmaq üçün) böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən (Allah yolunda) xərcləyirlər” (əl-Səcdə 32/16) ayəsinin şərhində Əbu Dərda və əd-Dəhhaq belə demişdirlər: “Camaatla İşa və Fəcr namazını əda etmək”.[8]
Osmana (Allah ondan razı olsun) istinadən Allah Rəsulunun sallallahu aleyhi və səlləm belə söylədiyi rəvayət edilir: “Kim İşanı camaatla əda edərsə, sanki gecənin yarısını namazda keçirmişdir və kim Fəcr namazını camaatla əda edərsə, sanki bütün gecəni namazda keçirmişdir”.[9]
Əbu Hüreyra (Allah ondan razı olsun) Allah Rəsuluna sallallahu aleyhi və səlləm istinadən onun belə söylədiyini rəvayət edir: “Əgər İşa və Fəcr namazında nə qədər (savab, əcr) olduğunu bilsələr, sürünməklə olsa belə (İşa və Fərc namazını camaat ilə əda etməyə) gələrdilər”.[10]
Ömər ibn əl-Xattabın (Allah ondan razı olsun) belə söylədiyi xəbər verilir: “Fəcr namazını camaatla əda etmək mənim üçün gecəni namaz qılmaqla keçirməkdən daha sevimlidir”.[11]
Daha doğrusunu Allah bilir.
http://islam-qa.com/en/ref/72559
[1] Sübh.
[2] Müslim,657.
[3] ət-Tibi, “Şərh Mişkaat əl-Məsəəbih”, (2/184).
[4] əl-Mənavi, “Feyd əl-Qadir”, (6/164).
[5] “Feyd əl-Qadir”, (6/164). Sitatın sonu.
[6] Müstəqil tədqiqat aparılmadan, başqalarının əsərlərindən istifadə yolu ilə düzəldilən əsər.
[7] Bax. Səhih əl-Tərğib, 461.
[8] Bax. Zəad əl-Məsir, (6/339).
[9] Səhih Müslim, 656.
[10] Buxari, 615; Müslim 437.
[11] Əl-İstizkər (2/147).


