“İman mütləq Mədinəyə sığınacaq ” hədisinin açıqlaması

Sual: Peyğəmbərin salləllahu aleyhi va səlləm “İlan öz yuvasına döndüyü kimi iman da mütləq Mədinəyə sığınacaq”- sözünün mənası nədir?

Cavab: Bu hədisdə Peyğəmbər salləllahu aleyhi va səlləm belə buyurur: “İlan öz yuvasına döndüyü kimi İman da mütləq Mədinəyə sığınacaq”. Burada “يأرز[1]” sözünün mənası  ilan öz yuvasından çıxıb yenidən oraya qayıtdığı kimi imanın da Mədinədə kök salacağı deməkdir. Peyğəmbərimiz sallallahu aleyhi va səlləm bu hədislə işarə edir ki, digər yerlər fəsada uğradıqda bu din Mədinəyə sığınacaq. Necə ki, ilan öz yuvasından çıxıb yerin üzündə gəzib dolaşdıqdan sonra yenidən yuvasına qayıdır.

Həmçinin bu hədisdə ona işarə olunur ki, İslam dini Mədinədən yayılmağa başladığı kimi, yenə də ora qayıdacaq. Əsl mənbəyi Məkkə şəhəri olsa da, İslam dini məhz Mədinədə gücü və qüdrəti sayəsində yayılmağa başladı. Məkkə vəhyin ilk nazil olduğu yer olsa da, müsəlmanlar yalnız Mədinəyə hicrət etdikdən sonra öz dövlətini yaratdılar, gücləndilər və cihad etməyə başladılar. Buna görə də İslam Mədinədən öz qüdrəti, nüfuzu və qüvvəti ilə Mədinədən yayılmağa başladı və Axır Zamanda təkrar oraya qayıdacaq.

Elm adamlarından bəziləri bildirir ki: “Hədisin mənası bundan öncə baş vermiş bir hadisəyə aiddir Yəni, insanlar nümayəndə heyətləri ilə Mədinəyə gələrək və təkrar ora qayıdaraq Peyğəmbərin sallallahu aleyhi və səlləm yanında Şəriət və İslamın təlimlərini tədris edirdilər”.

Bununla belə hədisə dair verilən birinci açıqlama hədisin açıq-aydın mənasıdır və ona görə də daha səhihdir.

Fətvalar Toplusu və Risalələr, cild 1, səh.55

 


[1] “Yəruzu” sözünü burada “sığınacaq” kimi tərcümə etmişik.