Heyz adətən olduğundan çox davam edərsə nə etmək lazımdır?

Sual: Qadının aylıq menstruasiyası yeddi və ya səkkiz gün olur. Bir və ya iki dəfə bu müddət bundan çox davam edib. Bunun hökmü nədir?

Cavab: Əgər bu qadının heyz müddəti altı və ya yeddi gün olub sonra uzanaraq səkkiz, doqquz, on və ya on bir gün olubsa qadın qan kəsilənə qədər gözləyir, namaz qılmır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) heyz üçün bəlli sayda gün qeyd etməyib. Uca Allah buyurur: “(Ya Rəsulum!) Səndən heyz barəsində sual edənlərə söylə: “Heyz əziyyətli bir haldır…”.[1]

Bu qan qadında nə qədər davam edirsə bir o qədər də gözləməlidir. Qan kəsildikdən sonra çimib namazlarını qılır. İkinci ay bu müddətdən az olarsa yenə qan kəsilən kimi təmizlənir. Yəni, qadın əvvəlki adətindən az və ya çox müddət fərqi olmaqla heyz halında ikən namaz qılmır. Yalnız qan kəsildikdən sonra təmizlənir və namazını qılır.

 


[1] əl-Bəqərə: 222.