Gecə namazları iki-iki qılınır
Sual: Məscidin bəzi imamları təravih namazlarını bir salamla dörd-dörd və ya daha çox qılırlar. Həmçinin ikinci rəkətdən sonra təşəhhüddə oturmurlar. Bununla belə bu əməlin sünnəyə uyğun olmasını iddia edirlər. Bu nə dərəcədə doğrudur?
Cavab: Bu əməl düzgün deyil. Bir çox alimlər bu cür etməyin məkruh və ya haram olduğunu bildirirlər. Çünki Ibn Ömərin Allah ondan razı olsun Peyğəmbərə sallallahu aleyhi və səlləm istinadən rəvayət etdiyi hədisdə buyurulur: “Gecə namazları iki-iki qılınır”.[1] Aişə radiyallhu anhə isə belə deyir: ‘Peyğəmbər sallallahu aleyhi və səlləm gecə vaxtı on bir rəkət namaz qılardı. Hər iki rəkətdən sonra salam verər və sonda bir rəkət vitr qılardı”.[2] Bu mənada hədislər həddən artıq çoxdur. Aişəyə radiyallahu anhə istinadən nəql olunan digər bir rəvayətdə belə deyilir: “Peyğəmbər sallallahu aleyhi və səlləm gecə dörd rəkət namaz qılardı. Qıldığı namazların nə qədər davam etdiyi və gözəlliyi haqda soruşmağa dəyməz! Sonra yenə dörd rəkət qılardı. Qıldığı namazların nə qədər davam etdiyi və gözəlliyi haqda soruşmağa dəyməz!…”[3] Hədisdə məqsəd ardıcıl olaraq bir salamla dörd rəkət qılmaq deyil, iki rəkət qılıb salam verdikdən sonra iki rəkət qılmaqdır. Çünki bundan öncə qeyd etdiyimiz hədis də bunu açıqlayir. Həmçinin “Gecə namazları iki iki qılınır” cümləsi də bunu təsdiqləyir və açıqlayır. Ona görə də bütün hədisləri qəbul etmək və ümumi hədisləri təfsilatlı olanlarla açıqlamaq lazımdır.
[1] Buxari və Müslim.
[2] Buxari və Müslim.
[3] Buxari və Müslim.







