Təravih namazı
Sual: Təravih namazı sadəcə sünnətdir yoxsa təkid edilmiş sünnətdir? Bu namaz necə qılınır?
Cavab:Təravih namazı təkid edilmiş sünnətlərdəndir. Peyğəmbər sallallahu aleyhi və səlləm bu namazı qılmağa təşviq edərək belə buyurur: “Kim Ramazan ayını iman və ihtisabla[1] ibadət edərsə onun keçmiş günahları bağışlanar…”. Səhih hədislərdə deyilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir neçə gün ardıcıl olaraq səhabələri ilə təravih namazını qılmışdır. Sonra onun fərz edilə biləcəyindən ehtiyat edərək təravih namazını hər kəsin ayrıca qılmasını tövsiyə etmişdir. Səhabələr də Peyğəmbərin sallallahu aleyhi və səlləm buyuruğuna əsasən bəziləri tək, bəziləri iki və ya üç nəfərlə birlikdə qılardılar. Sonra Ömər Allah ondan razı olsun öz xilafəti dövründə təravih namazının vahid bir imamın arxasında qılınmasına dair göstəriş verdi. Çünki bu namaza camaat toplanır və Quranı dinləyirdilər. Elə o gündən bu günə qədər müsəlmanlar bu əməli davam etdirməkdədirlər.
Həmin dövrdə təravih namazlarını iyirmi üç rəkət qılardılar. Namazda Quranı çox oxuyardılar. Məsələn, Bəqərə surəsini on iki və ya səkkiz rəkətdə oxuyardılar. Peyğəmbər sallallahu aleyhi və səlləm təravih namazı üçün müəyyən say müəyyən etmədiyi üçün məsələ genişdir. İstərsə rəkətləri azaldar Quran qiraətini artırar, yaxud rəkətləri çox edər Quran qiraətini isə azaldar.
[1] Savab qazanmağı umaraq.







