Qadınların qəbir ziyarəti
Sual: Nə üçün qadınların qəbir ziyarətinə icazə verilmir?
Cavab: İlk olaraq bu barədə Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) sərt qadağa gəlib. Hədisdə deyilir: “Allah qəbirləri ziyarət edən qadınlara lənət etmişdir”. Həmçinin Fatimə (radiyallahu anhə) başsağlığı vermək üçün bəzi insanları ziyarət edərkən Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona belə dedi: “Əgər sən onlarla bərabər qəbiristanlığın kənarına qədər getsəydin cənnəti görməzdin…”.
Daha sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) cənazəni müşayiət edən qadınlara müraciət edərək bunun səbəbini açıqlayaraq belə demişdir: “Geri qayıdın, siz günah qazanacaq, savab qazanacaq deyilsiniz. Siz diriləri fitnəyə salır, meyitə əziyyət verirsiniz”. Peyğəmbər (sallallahu aleyhi və səlləm) qadınlara aid bu qadağanın iki səbəbini açıqladı. Onların dirilər üçün fitnə olması ona görədir ki, qadın övrətdir və onun yad kişilərə qarışması fitnə-fəsada səbəb olur. Meyitə əziyyət verməsi ona görədir ki, adətən qadınlar səbirsiz, zəif ürəkli, müsibətlərə qarşı dözümsüz olur. Elə buna görə qadının qəbir başında ağı deməyəcəyi, səsini ucaldıb vay-şüvən qoparmayacağına təminat yoxdur. Bu isə Şəriətə görə haramdır.


