Tütün satan və lakin onu çəkməyənin hökmü

Sual: Mən tacirəm və alver etmək üçün tütün alıram. Bu icazəlidir? Nəzərinizə çatdırım ki, mən özüm siqaret çəkmirəm. Həmçinin, dükanımda televizor var, gənclər oraya toplanır və futbol yarışlarına, teleseriallara baxırlar və nəticədə namazı buraxırlar. Vəziyyət belə ikən dükanda televizor saxlamaq olar? Dükanım bazara yaxındır və məscidlə mənim aramda məsafə 200 metr olduğundan namazımı dükanımda qılıram və camaat namazını tərk edirəm. Mənim əməllərim nə dərəcədə doğrudur?

Cavab: Tütün xəbis və zərərli bir şeydir. Nə siqaret çəkmək, nə də bunu satmaq olar. Çünki Allah-Təala bir şeyi haram etdikdə, bunun ticarətini də haram edir. Ona görə də, bu cür şeyləri satdığınıza görə bundan tövbə etmək vacibdir və icazəli olan şeyləri satmaqla kifayətlənin, çünki bunda xeyli bərəkət var. Hər kim Allah rzası üçün bir şeyi tərk edərsə,  Allah ona tərk etdiyindən daha xeyirlisini verər, xeyirlisi ilə əvəz edər.

Həmçinin gənclərin sizin dükanda toplanaraq nəticədə namazlarını tərk etmələrinə imkan vermək yolverilməzdir. Dükanı bağlayıb onlarla birlikdə məscidə getmək vacibdir. Allah-Təala buyurur: “Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır”.[1]

Həmçinin Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:
“Hər kim azanı eşidər və ona icab etməzsə üzrlü (hal) istisna olmaqla onun namazı  yoxdur”.

İbn Abbasdan (radiyallahu anhu) soruşdular: Üzr nədir? O:
“Qorxu və xəstəlikdir”-deyə cavab verdi.

Həmçinin,  Rəsulullahdan (sallallahu aleyhi və səlləm) kor kişinin belə söylədiyi təsdiqini tapıb: “Ey Allahın Rəsulu! Məni məscidə aparan (yol göstərən) bir adam (bələdçi) yoxdur, ona görə mən namazımı evdə qıla bilərəm? Peyğəmbər (sallallahu aleyhi və səlləm): “Sən azanı eşidirsənmi?”-deyə soruşdu. O dedi: “Bəli”. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi:
“O zaman (azana) cavab ver.[2]

Müvəffəqiyyət Allahdandır. Allahın salamı və salavatı Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

Fətəvə əl-Ləcnə əd-Dəimə lil-Buhus əl-İlmiyyə vəl İftə, Cild 13, Səh.63, Sual 1, Fətva № 16502

 


[1] Münafiqun,9.

[2] (Muslim, Səhih əsəri.