Həyat yoldaşı iki dəfə xaçpərəst kişi ilə zina edib, onu boşamalıdırmı? Əgər qadın dindən dönərsə buna görə kişiyə günah yazılırmı?
Sual: Bir kişi, arvadı xaçpərəst bir kişi ilə ikinci dəfə zina etdiyinə görə onu boşamaq istəyir. Birinci dəfə qadını bağışlamışdı. Lakin bu dəfə qadını boşamaq istəyir. Çünki dindardır və nüfuzuna görə qorxur. Bununla belə ehtiyat edir ki, qadını boşayarsa qadın islamdan çıxa bilər və yenidən xaçpərəstliyə (əvvəlki dininə) qayıda bilər. Xahiş edirik nəsihət edin. Qadın dindən çıxarsa kişi buna görə məsuliyyət daşıyırmı?
Cavab:
Həmd Allaha məxsusdur.
Əvvəla:
Bir qadın əxlaqsız əməllərinə davam edirsə və bundan tövbə etmirsə yaxud buna son qoymursa, iş zinaya qədər yəni xaçpərəst yaxud başqa biri ilə cinsi yaxınlıq edəcək həddə çıxmasa belə, kişinin bu cür qadını saxlaması icazəli deyil. Çünki, bu bir növ dəyyusluqdur. Dəyyusluq isə böyük günahlar sırasındadır. ən-Nəsai (2562) Abdullah ibn Ömərə (Allah ondan razı olsun) istinadən onun belə söylədiyini xəbər vermişdir: “Allahın Rəsulu (Allahın ona salavatı və salamı olsun) dedi: “Üç nəfər var ki, Allah Azzə və Cəllə qiyamət günü onlara baxmaz. Bunlar-valideynlərinin üzünə ağ olan, özünü kişilərə bənzədən qadın və dəyyusdur”.
Şeyx əl-Albani “Səhih ən-Nəsai”də hədisi səhih olaraq təsnif edib.
Dəyyus-ailəsinin əxlaqsız davranışlarına göz yumana deyilir.
Şeyxu-l-İslam ibn Teymiyyəyə (Allah ondan razı olsun) belə bir sual ilə müraciət etmişlər:
Sual: “Kişi evə gəlir və arvadının yanında əcnəbi bir kişi görür. Kişi qadının dərsini verir və onu boşayır. Daha sonra onunla barışır və bu zaman eşidir ki, arvadını başqa bir yad kişi ilə bir yerdə görüblər.
Cavab: Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) istinadən rəvayət olunan hədisdə onun belə söylədiyi xəbər verilir. Allah Sübhənahu və Təala cənnəti xəlq etdikdə belə dedi: “İzzətimə və Cəlalıma and olsun ki, nə paxıl, nə yalançı, nə də dəyyus sənə (cənətə) daxil olmaz”. Dəyyus qısqanclığı yaxud qeyrəti olmayana deyilir. Səhih hədisdə rəvayət olunur ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dedi: “Mömin qısqancdır (qeyrətlidir), Allah qısqancdır, Allahın qısqanclığı (dedikdə) qulun qadağaları işləməməsi(nəzərdə tutulur)”. Allah-Təala buyurur: “Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir” (ən-Nur, 3).
Odur ki, alimlər arasında doğru rəyə görə tövbə etmədikcə zinakar qadınla evlənmək yolverilməzdir. Eləcə də, qadın zina edirsə onu bu halda saxlamamalıdır. Əksinə, onu tərk etməlidir. Əks təqdirdə dəyyus hesab edilir. Sitatın sonu.
Məcmu əl-Fətəvə, 32/141
İkincisi:
Qadın tövbə edibsə, Allaha yönələrsə, özünü islah edərsə və doğru yol tutarsa və qəti olaraq yad kişi ilə bütün əlaqələrini kəsərsə bu halda kişi onu saxlaya bilər. Bəlkə Allah-Təala bu yaxşılığına və onun günahını gizlətdiyinə görə kişini mükafatlandırar.
Biz bildirdik ki, qadın zina edibsə və sidqi-ürəkdən tövbə etməyibsə, kişinin onu saxlaması icazəli deyil. Həmçinin bildirdik ki, qadın tövbə edərsə və həyatında yeni səhifə açarsa, kişi onu saxlaya və onun günahını gizlədə bilər. Təbii ki, əgər buna səbr edə bilərsə. Qadın tövbə edərsə, ərinin onu saxlamasının icazəli olduğu barədə söylədiklərimiz kişiyə vacib deyil. Daha doğrusu, bu kişinin özünün istəyinə bağlıdır. Hər bir halda onu tərk edə bilər. Çünki qadının zina etməsi iyrənc bir şeydir və insanların əksəriyyəti bunu bağışlaya bilmir. Onu boşayarsa, etdiyi günahlara görə cavabdehlik daşımır və qadın islamdan çıxarsa, buna görə təkbaşına cavabdehlik daşıyır. Çünki, qadın mükəlləf və ağlı başında biridir. Xeyir işlər edirsə ,bu onun lehinə, pis əməllər işləyirsə, əleyhinədir.
Allahdan niyazımız budur ki, müsəlmanları hər cüt fitnədən, şərdən və çaxnaşmadan qorusun.


