Qadın digər qadınların yanında bədəninin hansı hissələrini aça bilər?
Sual:
Möhtərəm şeyx, Şəriətə görə qadın digər qadınların yanında bədəninin hansı hissələrini aça bilər?
Cavab:
Qadın onun bədənini örtəcək Şəriətə müvafiq libas geyməlidir. Şeyxu-l-İslam ibn Teymiyyə və digərlərinin söylədiyi kimi, səhabə qadınlarının evdə geyimləri əlindən topuğuna kimi uzanırdı. Evdən kənara çıxdıqda isə uzun paltar geyərdilər. Paltar onların ayaqlarından bir qarış əlavə uzanırdı. Daha sonra Allahın Elçisi (Allahın ona salavatı və salamı olsun) ayaqları örtmək üçün paltarlarını bir dirsək qədər uzatmağa icazə verdi. Bu örtünmüş qadınlar barədədir. Qadın öz paltarını göstərilmiş ölçüdən yuxarı qaldırdığı halda geyinmiş lüt qadın hökmünə daxil olur.
Baxmağı adət edən qadına gəldikdə ona qadınların övrət yerlərinə baxması icazəli deyil. Yəni, göbək ilə diz arasında qalan hissəyə baxa bilməz. Məsələn, bir qadın ehtiyacından dolayı paltarını açmağa məcbur olarsa, həmin qadına baxması icazəli deyil. Çünki bu halda o başqa bir qadının övrət yerinə baxır. Lakin göbəkdən yuxarı və dizdən aşağı hissənin açılmasına gəldikdə, qadının bu yerləri açmasına ehtiyac varsa; məsələn, palçıqlı yerlərdən keçdiyi üçün paltarını çirmələdikdə və ya ayaqlarını yumaq istədikdə həmin zaman onun yanında başqa bir qadın varsa və yaxud körpəsini əmizdirmək üçün qadınların yanında sinəsini açırsa, bunda bir xəta yoxdur.
Lakin, bəzi nadan qadınların yanlış anladıqları kimi bizim bu sözümüzdən aşağıdakı kimi anlaşılmasın: Yəni, onlar yalnış olaraq belə başa düşürlər ki, qadın yalnız göbək ilə diz arasında olan hissəni örtmək üçün paltar geyinməlidir. Məsələni bu cür anlamaq xətalıdır. Bu cür anlayış Allahın Kitabı, Allahın Elçisinin (Allahın ona salavatı və salamı olsun) sünnəti və bu ümmətin saleh əcdadlarının yolunu anlamaqda buraxılmış böyük bir xətadır. Axı kim demişdir ki, qadın göbəyi ilə dizi arasını örtmək üçün paltar geyinirsə bu müsəlman geyimidir?! Əsla mümkün deyil!
Qadın üstdən elə paltar geyinməlidir ki, əlindən topuğuna kimi olan hissəni örtsün. Lakin baxmağa adət edən bir qadına gəldikdə isə o, qadının sinəsinə və ayaqlarına baxa bilər. Göbək ilə diz arasında olan hissəyə isə baxa bilməz. Belə ki, qadın paltarını açmaq üçün buna ehtiyac duyarsa, başqa bir qadın göbək ilə dizi arasında olan hissəyə baxa bilməz.
Şeyx ibn Üseymin, ‘Açıq Görüş’, Cild 31-32, sual 942, səh. 29-31


