Londonda baş verən partlayışlardan sonra qarşılaşdığı zorakılıq halları səbəbindən hicabı çıxartmalıdırmı?
Sual: İyul ayının 7-də baş verən partlayışlardan sonra Britaniyadakı müsəlman qadınlar zorakılıq halları ilə üzləşməkdədirlər. Bəzi hallarda ekstremistlər tərəfindən ölüm halları ilə nəticələ bilər. Orada yaşayan müsəlman qadın bu cür hallarda mümkün zorakılıqdan qaçınmaq üçün hicabını çıxara bilərmi?
Cavab:
Həmd Allaha məxsusdur.
Bu kimi hallarda ümumi bir fətva verməmişdən öncə vəziyyət haqqında tam təsəvvür əldə etmək, haramlığı barədə yekdil rəyin olduğu haram bir işi etmək üçün bunu icazəli edən zəruriyyət həddinə çatıb çatmadığını araşdırmaq vacibdir.
Belə görünür ki, vəziyyət hələ o həddə çatmayıb. Əksinə bunlar sadəcə bir neçə səfeh və ekstremistlərin əməlləridir, ölkədə ümumi tendensiya deyil. Daha doğrusu onlardan bəziləri də bildirdiyi kimi bunlar sadəcə təxribat xarakterli bir neçə insident və zorakılıq hallarıdır ki, bu cür ciddi güzəştə getmədən də həll etmək olar. Buna əsaslanaraq deyirik ki, müsəlmanlar özlərinin qorunma hüquqlarını tələb etməlidirlər və digərlərinin əməllərinə görə ittiham olunmamalıdırlar yaxud özlərinin qürur və fərqlilik mənbəyi olan dinlərinə əməl etməkdə güzəştə getməməlidirlər.
Unutmayaq ki, hicab Allahın müsəlman qadınlara buyurduğu bir vacibatdır. Bu məsələ Quran, Səhih Sünnə ilə öz təsdqini tapmışdır. Müsəlman ümməti məzhəb və müxtəlif hüquq məktəbləri olmasına rəğmən bu məsələdə həmrəydirlər. Heç bir məzhəb bu görüşdən kənara çıxmamış və heç bir hüquqşünas buna zidd bir şey söyləməmişdir. Bu, ümmətin əsrlər boyunca əməl etdiyi bir şeydir. Allah-Təala buyurur:
“Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir”.[1]
“...örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər;”[2]
Dini vəzifələrinə sadiq olmaq, Rəbbini razı salmağa və Onun əmrlərinə itaət etməyə çalışmaq hər bir müsəlmanın borcudur və heç kəs bundan əl çəkmək üçün digərlərinə qarşı əsla güc işlətməməlidir.
Azadlıq və insan haqlarının qorunmasına vəkillik edənlərin aidiyyatı olmadığı bəzi işlərə görə digərlərinin azadlığına qəsd etdiklərini gördükdə insan təəccüblənir.
Zorakılıq ilə üzləşdiyindən dolayı müsəlman bir qadının öz hicabını çıxarmasına gəldikdə bu məsələni biz aşağıdakı bəndlər üzrə ümumiləşdirə bilərik:
- Öz inancına aşkar şəkildə əməl edə bilməyən bir ölkədə müsəlman qadının qalması caiz deyil. Bunun əsasında deyirik ki, orada yaşayan və inancını aşkar şəkildə yerinə yetirməyi bacarmayan hər bir müsəlman qadına vacibdir ki, orada tam sərbəst şəkildə öz inancına əməl edə biləcək bir ölkəyə hicrət etsin.
- Əgər hicrət etmək imkanı yoxdursa bu halda müsəlman bir qadın bu cür vəziyyətlərdə evdə oturmalıdır. Əlalxüsus da onun qayğısına qalacaq və ehtiyaclarını ödəyəcək vəlisi[3] varsa məruz qala biləcəyi fitnə qorxusundan yalnız zəruriyyət hallarında çıxmalıdır.
- Əgər ona dəstək verə biləcək biri varsa və növbəti semesterə kimi dərslərini təxirə sala bilirsə yaxud işdən məzuniyyət götürə bilirsə vəziyyət sakitləşənə kimi iş yaxud tədris üçün çıxması vacib deyil. Çünki bu cür zorakılıq halları yalnız insident baş verən günlərdə olur, sonra isə vəziyyət sakitləşir və öz axarına qayıdır.
- Lakin bəzi zəruri səbəbdən bayıra çıxarsa və zorakılıqla üzləşəcəyindən qorxursa bu halda zorakılığın xarakterini nəzərə almalıdır. Əgər bu təhqir yaxud söyüş, yaxud bəzi insanların sadəcə düşmən baxışları kimi tab gətiriləsi bir şey isə bu o demək deyil ki, bu cür hallarda hicabı çıxarmaq icazəli olur. Çünki bu zorakılıq növünə dözmək mümkündür. Həmçinin qadına: “Küçədə duyduğun bəzi sözlərə görə hicabını çıxart”-deyə söyləmək də doğru deyil. Əksinə həmin qadın səbirli olmalı və buna dözməlidir. Bu məsələ mömin qadının imanının sınanması fəsilinə aiddir. Allah-Təala buyurur: “İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır”.[4]
Deməli Allah yolunda üzləşdiyi hər hansı zorakılıq yaxud istehzaya görə dözüm nümayiş etdirməli və yadda saxlamalıdır ki, Allah-Təala Onun dininə sarılan şəxs üçün mükafat vəd edib. Necə ki, bu barədə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: ““Səbr etməli olduğunuz vaxtlar gələcək, bu zaman (İslama) bağlı qalanlar sizin (səhabələrin) aranızdan 50 şəhidin savabını qazanacaq”.[5]
Zorakılığı dəf etməyin digər yolu təkbaşına bayıra çıxmamaq, yalnız vəlinin müşayiəti ilə yaxud qrup halında çıxmaqdır ki, səfehlər tək olduğu halda ona qarşı zorakılığa yol verməsinlər.
Əgər həmin qadının döyülmək yaxud qətlə yetirilmək və ya namusunun ləkələnməsi kimi dözülməz zorakılıq ilə üzləşmə ehtimalı varsa və bəzi vacib səbəblərdən bayıra çıxmalıdırsa, bu halda hicabını nisbətən az həddə qədər-məsələn yalnız başını və boynunu örtməklə-ixtisara salmaq icazəlidir. Qadın bu halda yalnız onu zərərə məruz qalmaqdan qoruyacaq qədər hicabından ixtisara sala bilər. Çünki zəruriyyət məsələsində mübaliğəyə varılmamalıdır. Yaxud həmin insanların gözlərində zorakılıq hədəfinə çevrilməmək üçün müsəlman qadın insanların öyrəşdiyi hicab növü ilə örtünə bilər. Qeyri-müsəlman qadınların qış geyimləri və s. arasında Şəriətə görə örtünməsi tələb olunan bədən üzvlərini tam yaxud əksər etibarilə örtəcək paltarlar var.
- Əgər qadının hicabı güc tətbiq etməklə açılırsa bu halda o sınağa çəkilmiş sayılır və buna görə savab əldə edəcək. Lakin problem həll olunduqda əvvəlki müvafiq geyiminə qayıtması vacibdir.
Belə bir fətva ehtiyatla və tədricən, vəziyyətə görə verilməlidir ki, qeyri-mühafizəkar cəmiyyətlərdə Müsəlmanın öz müqəddəratının itməsinə gətirib çıxarmasın.
http://islam-qa.com/en/ref/69432
[1] əl-Əhzab,59.
[2] ən-Nur,31.
[3] Qəyyumu.
[4] əl-Ənkəbut, 2-3.
[5] Bu hədisi Təbərani, İbn Məsudun hədisinə istinadən rəvayət edib. Şeyx əl-Albani “Səhih əl-Cami” (2234) əsərində hədisi səhih deyə təsnif edib.







