Bidətçilərə istehza etmək
Sual: Bilirəm ki, Sünnə və yaxud islamda hər hansı bir məsələyə lağ etmək insanı kafir edir. Lakin, bir kəs bidət əhlinin inanclarına istehza edirsə necə? Məsələn, bir nəfər namazın vaxtı daxil olduqda dostuna Murciələri ələ salaraq belə deyir: “Eh, bizə namaz qılmaq vacib deyil…əsas odur ki, qəlbin təmiz olsun”. Lakin, zarafat edən insan başa düşür ki, bu bir zarafatdır, sadəcə Murciə əqidəsinin gülünc olduğunu göstərmək istəyir. Mən bilirəm ki, yalan söz günahdır, hətta zarafat ilə belə olsa. Lakin, yuxarıdakı misalda islam dininin bir hissəsi ilə lağ etdiyinə görə bu böyük küfr olurmu. Baxmayaraq ki, bu lağ etmək islama deyil, bidətə yönəlib.
Cavab: Həmd Allaha məxsusdur.
Etdikləri küfrə görə kafirlərə və ya etdikləri bidətlərə görə bidətçilərə lağ etmək mübahdır. Çünki, nə qədər ki, onlar asilik və fasiq əməllər etməyə davam edirlər, halbuki Allah Təala və din bunları haram etmişdir, bu səbəbdən onlar özlərinin hörmət edilmək hüququnu itirirlər.
Lakin, zarafat edərkən alicənablıq və haqq çərçivəsindən kənara çıxılmamalıdır və vərdiş halını almamalıdır və zarafatlar insanın ciddiliyinə xələl gətirməməlidir. Bizim burada xəbərdar etdiklərimiz artıq bir çox insanlar üçün vərdiş halını alıb.
Əgər bir insan onlara istehza etməli olarsa, bu onların Sünnəyə müxalif olduqları səbəbindən edilməli, müxtəlif paltarlar və yaxud yeriş tərzi və s. kimi səbəblərdən olmamalıdır.
Yaxşı, bu cür etmək günahdırmı?
Doğru rəy budur ki, bu günah deyil, daha doğrusu bu barədə danışmaq və zarafat etmək icazəlidir. İstehza etdiyimiz günah insanı islam dinindən çıxaracaq küfr bir əməl təşkil etmədiyinə görə, onların işlədiyi bu günahlar ilə zarafat etmək hətta daha münasibdir. Çünki, haqqı tərk etmək və batilə tabe olmaqla onlar Allahın haramlarına istehza, lağ etmişdirlər.
Ləlkəni isnadları ilə sələfin bəzilərindən aşağıda verilən bəzi əsərləri nəql edir:
Əməşdən rəvayət edir ki, İbrahim demişdir: “Bidət əhlinin qeybətini etmək qeybətdən sayılmır.”
Həsən əl-Basrinin belə söylədiyini rəvayət edir: “Üç nəfər var ki, onların qeybətdən qorunması (toxunulmazlığı) yoxdur: onlardan biri bidət əhli və bidətdə şiddətli olandır.
Hişamdan rəvayət edir ki, Həsən demişdir: “Bidət əhli və açıq-aydın fasiqlik edən fasiq kəsin qeybətini etmək qeybətdən sayılmır”.
Həsənin belə söylədiyini rəvayət edir: “Bidət əhlinin qeybətini etmək qeybətdən sayılmır”.
Kəsir Əbu Səhlin belə söylədiyini rəvayət edir: “Deyilmişdir ki, öz həva və istəklərinə tabe olan insanlar (əhli həvan) üçün qorunma (toxunulmazlıq) yoxdur”.
İqtida Əhli Sünnə, 1/140
Sual verənin “Eh, bizə namaz qılmaq vacib deyil…əsas odur ki, qəlbin təmiz olsun” deyə verdiyi misal küfr deyil. Çünki, bunu söyləyən kəsin niyyəti namaza lağ etmək, istehza etmək deyil, əksinə niyyəti və qəsdi şəriətə müxalif olan bu cür sözlərə lağ etmək və onların batilliyini bəyan etməkdir.
İş ondadır ki, bidət əhlinin söylədikləri bidətlərə istehza etmək haram və küfr deyil.
Lakin, bidətçilərin bu əməllərini rədd etmək üçün biz ümumiyyətlə lağ etmək yoluna əl atmağa həvəsləndirmirik; əksinə onlar ilə ən yaxşı şəkildə debat aparmaq lazımdır. Onlar ilə debat apararkən sizin əsas məqsədiniz onların Doğru Yola hidayət olunması olmalıdır. Allah təala, Musa ilə Harunu, Fironun yanına göndərdikə belə deyir:
“Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!” [Ta-Ha 20:44]
Ən doğrusunu Allah bilir.


