Savab niyyətilə ibadətlərdə bilərəkdən məşəqqətə yol vermək
Sual: Savab qazanmağı niyyət edərək ibadətdə qəsdən özünü yormaq, məşəqqət vermək olar? Məsələn, ilıq su olduğu halda dəstəmaz üçün soyuq sudan istifadə etmək olar? Və yaxud yaxında məscid olduğu halda uzaqdakı məscidə getmək olar? Çünki İmam Şatibi yazır ki, kim özünü ibadətdə qəsdən yorarsa, ibadətlərdə məşəqqət istəyərsə (məşəqqətinə görə) ona savab yazılmır.
Cavab:
Həmd Allaha məxsusdur.
Əgər mükəlləf bir müsəlman ibadətlərdə çətinlik, məşəqqətə niyyət edirsə buna görə savab yazılmır. Əksinə savab o halda yazılır ki, mükəlləf məşəqqət olduğu halda ondan tələb olunan əməli etsin. Çünki məşəqqət özü-özlüyündə Şəriətin məqsədi deyil.
Şeyx Muhəmməd ibn Saleh əl-Üseymin (Allah ona rəhmət etsin) “Nuzum Qəvaid” əsərinin şərhində deyir:
“İslam dinində çətinliyin özü-özlüyündə məqsəd olmadığı aydın ikən, nəticə etibarilə biz ibadətlərdə çətinlik istəməli deyilik. Bir əməli çətinlik olmadan etmək mümkün olduğu halda, çətinlik istəmək, çətin yolu seçmək Şəriətdə məşru deyil. Məsələn, bir nəfər “Mən ayaqyalın həccə gedəcəm ki, həcdə yorulum və savabım çox olsun”-deyə söyləsə, bu halda ona belə deyirik: “Şəriətimizdə çətinlik istəmək, niyyət etmək icazəli deyil”. Çünki Şəriətqoyan qulları üçün çətinlik istəmir, ona görə də siz bu əməlinizlə Şəriətqoyanın məqsədinə qarşı çıxmış olursunuz.
Kimsə deyə bilər ki, Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) rəvayət olunan hədisdə belə deyilir: “Sizin savablarınız göstərdiyiniz səylərə, zəhmətə görə veriləcək”.
Bizim ona cavabımız: “Hədisdə qeyd olunan “zəhmət, səy” kəlməsi insanın özünü ibadətdə qəsdən yorması mənasına gəlmir. Əksinə hədisin mənası müəyyən ibadəti edərkən ibadət edənin buna qəsdi olmadan nəticə etibarilə meydana gələn zəhmət, məşəqqətdir.
Sitatın sonu.
Fətvalar və Elmi Tədqiqatlar üzrə Komitənin alimlərinə verilən sualda deyilir:
Sual: Cənabətdən qüsl alarkən nə cür sudan istifadə etmək müstəhəbdir, soyuq yoxsa ilıq?
Cavab: Həmd yalnız Allaha məxsusdur.
Allahın salavatı və salamı Peyğəmbərə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.
Müsəlman məsləhətə müvafiq olaraq ilıq və yaxud soyuq sudan istifadə edə bilər.
Məsələ genişdir və Allahın dini asanlıqdır. Allah-Təala buyurur: “Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir”.
Müvəffəq edən Allahdır. Allahın salavatı və salamı Peyğəmbərə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.
Fətvalar və Elmi Tədqiqatlar üzrə Komitə, (5/328).
Ən doğrusunu Allah bilir.
http://islam-qa.com/en/ref/113385


