Allahdan gələn cəza günahların nəticəsidirmi?

Sual: Oxumuşam ki, günahlara görə Allah-Təala cəzalandırır  və bərəkəti aparır. Buna görə də qorxumdan ağladım. Xahiş edirəm mənə nəsihət edəsiniz.

Cavab: Həmd Allaha məxsusdur.
Şəkk yoxdur ki, günah işləmək Allah Azzə və Cəllənin qəzəbinə düçar olmaq və bərəkətin yox olması, yağışın kəsilməsi və düşmənlərin müsəllət olmasının (düşmənin qalib gəlməsinin) səbəblərindən biridir. Allah-Təala buyurur: “Biz Firon xalqını quraqlıq illərinə və məhsul qıtlığına məruz qoyduq ki, bəlkə düşünüb ibrət alsınlar”.1


Həmçinin Allah Sübhənahu buyurur: “Biz hər birini öz günahına görə yaxaladıq. Onlardan kimisinin üstünə (qasırğa ilə birgə) daşlar göndərdik, kimisini qorxunc səs yaxaladı, kimisini yerə batırdıq, kimisini də (suya) qərq etdik. Allah onlara zülm etmirdi, onlar ancaq əməlləri ilə özləri özlərinə zülm edirdilər”.2

Bu mənada ayələr çoxdur. Həmçinin səhih hədisdə Peyğəmbərin sallallahu aleyhi və səlləm belə buyurduğu rəvayət olunur: “Qul işlədiyi günahlara görə ruzidən məhrum qalır”.

Ona görə də, hər bir müsəlman kişi və qadına vacibdir ki, günahlardan həzər etsinlər və keçmişdə işlədikləri günahlara görə tövbə etsinlər, eyni zamanda Allah barədə gözəl gümanda olsunlar, Allahın məğfirətinə ümid etsinlər, Onun qəzəbinə və cəzasına düçar olmaqdan qorxsunlar. Allah Sübhənahu və Təala Öz Kitabında Öz saleh bəndələri barədə belə buyurur: “Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti (qullar) idilər”.3

Həmçinin Allah Sübhənahu və Təala buyurur: “Onların yalvardıqları tanrıların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir”.4

Allah Azzə və Cəllə buyurur: “Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar (insanlara) yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir”.5

Bununla belə, müsəlman kişi və qadınların Allah Azzə və Cəllənin mübah buyurduğu  səbəblərdən tutunması Şəriətdə icazəlidir. Bu yolla, xovf6 ilə rəca7 , Allah Sübhənahu və Təalaya təvəkkül etməklə səbəblərdən tutaraq əməl etmək, Ondan istənilən şeyin hasil olması üçün Ona etimad etmək və qorxduqları şeydən əmin olmaq arasında yol tutulmalıdır.

Allah Sübhənahu və Təala Cəvvad və Kərimdir. Azzə və Cəllə buyurur:
“(Allahdan qorxana, (Allah) çıxış yolu göstərər;
və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər”.8


Sübhənahu həmçinin buyurur: “Kim Allahdan qorxarsa, (Allah) onun işini asanlaşdırar”.9

Həmçinin Allah Sübhənahu və Təala buyurur: “Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız”.10


Ona görə də ey müsəlman bacımız, keçmişdə işlədiyiniz günahlara görə Allah Sübhənahu və Təalaya tövbə etməyiniz, Allaha itaətdə istiqamət üzrə olmağınız vacibdir. Eyni zamanda Allah Azzə və Cəllə barəsində gözəl zənni-gümanda olun, Onun qəzəbinə gəlməkdən qorxun.

Bol xeyir və gözəl aqibət ilə müjdələnəsiniz.
Fətəəvə əl-Camia lil Məra əl-Muslimə, hissə 3, səh.1136

1. əl-Əraf,130.
2. əl-Ənkabut,40.
3. əl-Ənbiyə,90.
4. əl-İsra,57.
5. ət-Tövbə,71.
6. Qorxu.

7. Ümid.

8.ət-Talaq,2-3.


9.ət-Talaq,4.

10.ən-Nur,31.