“Bu mesaj yaxud e-poçtu başqasına göndərin. Əks halda günah qazanacaqsınız və başınıza filan-filan hadisələr gələcək” yazılan mesajlar
Sual: Son zamanlar dua və yaxud öyüd-nəsihət yazılan elektron məktublar və yaxud yazılı mesajlar qəbul etmək ənənəsi geniş yayılmışdır. Mesajda deyilir: “Səni Allaha and verirəm bunu başqasına göndər”, yaxud: “Siz bunu göndərsəniz yaxşı xəbər eşidəcəksiniz”-deyə yazılır. Bu cür mesajların hökmü nədir? Mən bunları başqasına göndərməsəm günah qazanacam?
Cavab: Həmd Allaha məxsusdur.
Mobil telefonlar və yaxud elektron poçt vasitəsilə məlumatları, təlimləri, zikrləri yaymaq və doğru yola dəvət etmək məqsədilə müasir ünsiyyət vasitələrindən istifadə etmək yaxşı, xeyir əməldir. Çünki düyməni bir dəfə basmaqla yüzlərlə insanlarla əlaqə saxlamaq mümkündür. Hər kəsə məlumdur ki, digərlərini xeyirə dəvət edən, həmin insanın xeyir iş görməyinə səbəb olan onu etmiş kimi sayılır. Həmçinin digər insanları doğru yola dəvət edən şəxs, onun dəvətini qəbul edənlərin qazandıqları qədər eyni savab qazanır.
Əbu Hüreyra radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “Kim digərlərini hidayətə[1] dəvət edərsə, ona tabe olanların qazandığı qədər savab qazanar. Onların savabından azca belə azalmaz”.
Həmçinin Əbu Məsud əl-Ənsari radiyallahu anhu Allah Rəsuluna sallallahu aleyhi və səlləm istinadən onun belə dediyini rəvayət edir: “Başqasına bir xeyir barədə danışan onu edən kimidir”.[2]
Bir müsəlman səhər və axşam zikrlərinə dair bəzi xəbərlər yazırsa və bunu yüzlərlə insanlara göndərirsə, onların çoxu onun xəbərinə, nəsihətinə riayət edirsə, o halda buna görə o böyük əcr qazanır.
Nəticə etibarilə, biz bu cür ünsiyyət vasitələrindən yararlanmalı və onların vasitəsilə ötürülən mesajların miqdarını, sayını artırmalıyıq ki, daha səmərəli və faydalı olsun.
Lakin əfsuslar olsun ki, bəzi insanlar bu xeyir işi pis əməllə qarışdırır ki, bu da yalan və batildir. Məsələn belə yazırlar: “Siz bunu göndərsəniz, yaxşı müjdə, xəbər eşidəcəksiniz!”. Bu bir növ gələcəkdən xəbər verməkdir. Şəriətdə “Kimə bir xəbər gəlsə və onu başqalarına ötürsə yaxşı xəbər eşidəcəkdir”-deyə bir dəlil yoxdur. Əksinə ola bilsin ki, həmin insan bəd xəbər və yaxud yaxşı xəbər, ya da ümumiyyətlə heç bir şey eşitməsin.
Eynilə bu hökm “Mən sənə bunu əmanət edirəm ki, bunu göndərəsən və yayasan, bunu etməsən günah qazanacaqsan” və yaxud “Bunu göndərməyənin başına filan və filan bəla gələcəkdir” kimi sözlərə da şamil edilir. Bütün bunlar yalan, saxtadır və buna dair əsas, dəlil yoxdur. Kimə bu cür xəbərlər gəlsə, o heç bir şey etməməlidir və bunu göndərməyə onu vadar edən heç bir şey yoxdur. Bunu etməsə ona günah yazılmır. Şəriətdən heç bir əsas, dəlil gətirmədən bir kəsin günah etdiyini söyləməyin heç bir əsası yoxdur. Habelə, Allahdan başqa heç kəsin bilmədiyi qeybi məsələlərdən danışmağın heç bir əsası yoxdur.
İşlənilən əməlin nəticəsində mükafat və yaxud cəza veriləcəyini söyləmək Allaha aid məsələdir. Allah-Təalanın icazə verdiyi hər bir şey halal, qadağan etdiyi hər bir şey isə haramdır. Eynilə, mükafatlandırmaq və cəzalandırmaq da Onun əlindədir. Hər kim bu barədə dəlilsiz danışarsa o yalançıdır.
Allah-Təala buyurur: “De: “Rəbbim yalnız aşkar və gizli alçaq işləri (zidna etmək, lüt gəzmək və s.), hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur”.[3]
Bu cür insanlar elə güman edirlər ki, onlar insanları təşviq etmək və xəbərdarlıq etməklə xeyirin yayılmasına səbəb olurlar. Lakin onlar xəta edirlər və həddi aşırlar. Onlar şəriətimizdə qeyd olunanlar ilə kifayətlənməlidirlər. Bu bizə yetər. Məsələn: “Hər kim bu xeyiri yaysa, ümid edirik ki, onunla əməl edənlərin qazandığı savab qədər o da savab qazanacaq” söyləmək kifayətdir.
Bu məsələlər elmə yiyələnməyənin nə dərəcədə əhəmiyyətli olduğundan xəbər verir. Çünki bu cür əməllər edən insanların əksəriyyəti bunları savadsızlıqdan edirlər. Xeyiri yaymaq və insanları xeyir işləməyə həvəsləndirmək kimi əsaslar irəli sürərək hədis uydurub onu Peyğəmbərə sallallahu aleyhi və səlləm aid, nisbət edənlərin misalında olduğu kimi. Lakin nəticədə nə baş verir? Onlar elə yalanlar uydururlar ki, bu cür yalanları söyləyənlər haqqında ciddi xəbərdarlıq gəlib. Halbuki həmin insan zənn edir ki, o savab qazanır!
Bizim niyyətimiz, amalımız bu cür üsulun yanlışlığını, batil olduğunu göstərmək və insanları bundan çəkindirməkdir.
Bundan dolayı deyirik:
Hər kim bu cür batil xəbərlər alarsa, onu göndərən şəxsə nəsihət etsin və izah etsin ki, bu cür batil, yanlış həvəsləndirici üsullardan istifadə etməyə son qoysun və mesajda yazılanlara-yəni bunu göndərsə belə olacaq, göndərməsə elə olacaq-inanmasın. Çünki əvvəl də qeyd etdiyimiz kimi bu yalanın bir növüdür.
Allahdan diləyimiz budur ki, O bizləri Özünün sevdiyi və razı qaldığı şeyləri etməyə bizə kömək etsin.
Allah daha yaxşı bilir.
http://islam-qa.com/en/ref/101317
[1] Doğru yola.
[2] İmam Müslim,1893.
[3] əl-Əraf,33.


