İslamı qəbul etməklə keçmiş bütün günahlar silinir

Sual: Qardaşlarımızdan biri bu yaxınlarda İslamı qəbul etdi. Cahillik dövründə o narkotik ticarəti edərək çoxlu pul qazanmışdır. O həmin qazandığı pulu özü ilə gətirmiş və böyük kitab dükkanı açmışdır. Həmin puldan istifadə edərək evlənmişdir. Bu yaxınlarda ona deyiblər ki, o həmin puldan sədəqə verə bilməz. Çünki Allah Pakdır və yanız pak olanı qəbul edir. Bizim sualımız budur ki, o bu pulu nə etsin və ona deyilənlər doğrudurmu?

Cavab: Həmd Allaha məxsusdur.

Birinci:

Onu İslama hidayət edən Allaha həmd olsun. Allahdan onu sabit etməsini, ona bu dünya və axirətdə onun üçün xeyirli olanı müvəffəq etməsini diləyirik.

İkinci: Allah-Təala Öz lütfü və rəhməti sayəsində İslamı qəbul etməklə insanın əvvəl işlədiyi günahları puç edir. Kafir bir kəs müsəlman olduqda, Allah onun kafir ikən işlədiyi bütün günahları bağışlayır və o günahlardan təmizlənmiş olur.

Amr ibn əl-Asa radiyallahu anhu istinadən onun belə söylədiyi bildirilir: “Allah İslamı mənim qəlbimə qoyduqda Peyğəmbərin sallallahu aleyhi və səlləm yanına gəldim və dedim: “Sağ əlini mənə uzat sənə beyət[1] edim”. O sallallahu aleyhi və səlləm əlini uzatdı və mən əlimi çəkdim.

O: “Nə oldu, ey Amr?”-deyə buyurdu.

Mən: “Bir şərtim var”dedim.

O: “Nədir şərtin?”-deyə soruşdu.

Mən: “(Şərtim budur) ki, (Allah) məni bağışlasın”.

Peyğəmbər: “Məgər sən bilmirsən ki, İslamı qəbul etməklə əvvəlki günahlar puç olur?!”.[2]

“İslamı qəbul etməklə əvvəlki günahlar puç olur”-yəni, İslamı qəbul etməklə həmin günahlar silinir və gedir”.[3]

Şeyx İbn Üseyminə rahiməhullah müsəlman olmamışdan öncə narkotik ilə məşğul olaraq pul qazanan kəs haqqında, buna bənzər bir sual ilə müraciət etmişdilər. Onun cavabını olduğu kimi veririk:

“Haram mal-mülk qazandıqdan sonra Allah-Təalanın müsəlmançılıqla nemətləndirdiyi bu qardaşımıza xitabən deyirik: “Müjdə olsun! Çünki bu mal-dövlət ona halaldır və bunda onun üçün bir günah yoxdur. İstər onu saxlasın yaxud sədəqə versin, evlənmək üçün istifadə etsin, fərq etməz. Çünki Allah-Təala Öz Müqəddəs Kitabında  buyurur: “Ya Rəsulum!) Kafir olanlara de: “Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və möminlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə (yaramaz işlərə, döyüşməyə) qayıtsalar, əvvəlkilərin (keçmiş ümmətlərin) başına gələnlər onların da başına gələr”.[4]

Yəni, keçmişdə olan hər bir şey, bütövlükdə hamısı bağışlanır. Lakin güc tətbiq edərək əldə olunan istənilən pul məbləği yiyəsinə geri qaytarılmalıdır. İnsanlar arasında razılıq əsasında qazanılan pul, hətta riba və yaxud narkotik və s. kimi haram olsa belə müsəlman olduqdan sonra onun üçün halal olur. Allah-Təala buyurur: “Ya Rəsulum!) Kafir olanlara de: “Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və möminlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar”. Amr ibn al-As radiyallahu anhu müsəlman olduqda Peyğəmbər sallallahu aleyhi və səlləm ona dedi: “Məgər sən bilmirsən ki, İslam keçmişdə olanları silir?”.

Bir çox kafirlər müsəlmanları öldürdükdən sonra özləri müsəlman olmuşdur. Lakin onlar etdiklərinə görə cəzalandırılmamışdır. Ona görə də bu qardaşa bildirin ki, onun sərvəti halaldır və bunda günah yoxdur; o bunu sədəqə verə və bununla evlənə bilər. Ona malının haram olmasını və sədəqə verməyinin imkansız olduğunu deyənlərin sözlərinin heç bir əsası yoxdur. Sitatın sonu.

Liqaat əl-Bab il-Məftuh, 373/374.

http://islam-qa.com/en/ref/46505



[1] Sədaqət andı.

[2] Müslim, 121.

[3] İmam Nəvəvi Şərh Müslim əsərində bildirir.

[4] əl-Ənfal,38.