Müsəlman olmaq üçün nə etmək lazımdır?
Sual: Müsəlman olmaq üçün nə etmək lazımdır?
Cavab: Bütün həmdü-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahın salamı və salavatı Muhəmmədə, Onun son rəsuluna olsun.
Bu bəyanatda məqsəd İslam dinini öz inancları kimi qəbul etmək arzusunda olan şəxslər arasında yayılmış saxta fikrə düzəliş verməkdir. Bəzi insanlarda belə bir yanlış fikir yaranıb ki, İslam ümmətinə daxil olmaq üçün həmin şəxs yüksək rütbəli alimlər yaxud şeyxlərin önündə şəhadət gətirməli yaxud bu barədə ədalət məhkəmələri ya digər səlahiyyətli qurumlara məlumat verməlidirlər. Həmçinin belə güman edirlər ki, İslamı qəbul etmək barədə atılacaq addım üçün qoyulan şərtlərdən biri səlahiyyətli qurumlar tərəfindən bunun etibarlılığını göstərən şəhadətnamənin verilməsidir.
Biz açıqlmaq istəyirik ki, bütöv məsələ olduqca asandır və qeyd olunan şərt yaxud öhdəliklərdən heç biri tələb olunmur. Çünki Qüdrətli Allah bütün qəlblərdə gizlənənləri ən yaxşı bilir. Hər halda İslamı özləri üçün din kimi qəbul etmək istəyənlərə məsləhətimiz budur ki, aidiyyatı hökumət təşkilatlarında Müsəlman kimi qeydiyyatdan keçsinlər, belə ki, bu prosedur bir çox işlər, o cümlədən ola bilsin ki, gələcəkdə Həcc və Ümrə ibadətini yerinə yetirməkdə onların işlərini asanlaşdıra bilər.
Bir kəs həqiqətən də müsəlman olmağı arzulayırsa və İslamın Allah tərəfindən bütün bəşəriyyət üçün buyurduğu haqq din olduğuna tam yəqindirsə və buna güclü inamı varsa bu halda həmin şəxs əlavə gecikməyə yol vermədən şəhadət kəlməsini söyləməlidir. Qurani-Kərim bu məsələni açıq-aşkar bəyan edir. Allah-Təala buyurur:
“Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!”.[1]
Digər bir ayədə Allah-Təala buyurur:
“İslamdan başqa bir din axtaran şəxsdən, o (din) heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar”.[2]
Üstəlik İslam dini bütün dinlər üzərində hakim olan yeganə dindir. Allah-Təala Qurani-Kərimdə buyurur:
“Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik”.[3]
Allahın peyğəmbəri Muhəmməd sallallahu aleyhi və səlləm belə buyurur:
“İslam beş sütun üzərində qurulub: Allahdan başqa ibadətə layiq Məbud olmadığına və Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Ramazan ayının orucunu tutmaq və Həcc etmək”.
Şəhadət kəlməsi aşağıdakı kimi deyilir:
Əşhədu ən-lə iləhə illəllah va əşhədu ənnə Muhəmmədən Rəsulullah”.
Tərcüməsi:
“Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və şəhadət verirəm ki, Muhəmməd Allahın Rəsuludur”.
Bununla belə, istər gizli, istərsə də açıq şəkildə şifahi olaraq bu ifadəni sadəcə söyləmək kifayət deyil. Daha doğrusu həmin şəxs tam yəqinliklə və sarsılmaz imanla qəlbində buna iman etməlidir. Əgər bir şəxs həqiqətən səmimi olub həyatının hər bir dövründə İslamın təlimlərinə müvafiq addım atarsa yeni doğulmuş şəxs kimi dünyaya gəlmiş olar.
Bu, əxlaqını yaxşılaşdırmaq üçün daha çox səy göstərməsinə və daha da kamilliyə yaxınlaşmasına təkan verəcək. Canlı imanın nuru onun könlünü dolduracaq və o adam bu əqidənin təcəssümü olacaq.
Özünün müsəlman olduğunu bəyan etdikdən sonra hansı addım atılır?
Bundan sonra həmin şəxs bu şəhadətin kökündə duran həqiqi məfhumu bilməlidir ki, bu da Allahın vəhdaniyyətidir və bunun üçün qoyulan şərtləri ödəməlidir. Müvafiq olaraq bunlara riayət etməli, danışdığı hər bir sözündə və etdiyi hər bir əməlində bu haqq inancı tətbiq etməlidir.
Şəhadə kəlmələri nə ifadə edir?
Hər bir müsəlmanın yaxşıca bilməsi vacib mühüm bir məqam Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığı həqiqətidir. Allah Sübhənahu və Təala yeganə haqq İlahdır. Yalnız O ibadət edilməyə layiqdir. Belə ki, O Özünün sonsuz nemətləri ilə bütün bəşər və məxluqa Həyat Verən, Ruzi Verəndir. Yeganə ibadətə layiq olan Allah olduğundan qulun Ona ibadət etməsi vacibdir.
Şəhadətin ikinci hissəsi, yəni “va əşhədu ənnə Muhəmmədən Abduhu və Rəsuluhu”, Muhəmməd Peyğəmbərin sallallahu aleyhi və səlləm Allahın qulu və seçilmiş rəsulu olduğu deməkdir. Bu məsələ birmənalıdır. Faktiki olaraq müsəlman bir şəxs Peyğəmbərin əmrlərinə tabe olmalı, onun söylədiklərinə iman gətirməli, onun təlimlərinə əməl etməli, onun qadağa qoyduqlarından çəkinməli və ona nazil olan vəhyə müvafiq olaraq yalnız Allaha ibadət etməlidir. Çünki Peyğəmbərin bütün təlimləri əslində Allahın ona verdiyi vəhydir.
İbadət nədir? İbadət sadə sözlə ifadə etsək Allaha səmimi qulluq və Ona təzimdir. Geniş mənada ibadət qulun istər aşkar, istərsə də gizli söz və əməllərində Allahın əmrlərinə tam təslimiyyət və tam itaət deməkdir.
İbadət iki kateqoriyaya ayrılır:
Zahiri və Daxili.
Zahiri ibadətlərə Kəlimeyi-Şəhadəti söyləmək, namaz qılmaq, zəkat vermək, Qurani-Kərimi oxumaq, dua, Allahı tərif etməklə Ona pərəstiş etmək, namazdan öncə təmizlənmək və s. aiddir.
İbadətin bu növü bədən üzvlərinin hərəkəti ilə bağlıdır.
Daxili ibadətə isə Allaha, Qiyamət Gününə, Mələklərə, Allahın Kitablarına, Allahın Peyğəmbərlərinə, Allahın Qəza və Qədərinə iman gətirmək aiddir.
İbadətin bu növünə bədən üzvlərinin hərəkəti aid deyil. Lakin sözsüz ki, bu, müsəlmanın qəlbində iz buraxır və nəticə etibarilə insanın həyat tərzinə təsir edir.
Bunu yadda saxlamaq lazımdır ki, yalnız və yalnız Allaha həsr olunmayan istənilən ibadət şirkin təzahürü kimi təkzib olunur və müsəlmanı İslam dinindən xaric edərək mürtəd olması ilə nəticələnir.
İslamı yenicə qəbul etmiş şəxsin atacağı növbəti addım qüsl almaqla özünü paklaşdırmasıdır. Bundan sonra bütövlükdə İslamın prinsip və qaydalarına müvafiq hərəkət edəcəyinə qəti qərar verməlidir. Şirkin bütün təzahür formaları və batil inancları inkar etməlidir. Şər, münkər işləri rədd edərək saleh olmalıdır. Münkəri inkar etmək və saleh olmaq İslamın şüarının-yəni Lə iləhə illəllahın ilkin şərtlərindədir.
Allah-Təala Qurani-Kərimdə buyurur:
“Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar”.[4]
Nəzərə almaq lazımdır ki, biz qəlbimizlə “Əşhədu ən lə iləhə illəllah” deyə söylədikdə bütün müsəlmanlara vacib olan İslam Şəriətinin qaydalarını sevdiyimizi, buna sədaqətli olacağımızı, buna iman gətirdiyimizi və itaət etdiyimizi ifadə edirik. Allah üçün sevmək və Allah üçün inkar etmək “Əşhədu ən lə iləhə illəllah” kəlməsinin tələbidir.
Bu imanın ən möhkəm dəstəyi olub əl-vəla və əl-bəra prinsipinin mənasını gerçəkləşdirir. Bu o deməkdir ki, müsəlman bir şəxs öz müsəlman qardaşlarını sevməli və onlara qarşı sadiq olmalıdır. Əməldə isə o kafirlərdən tamamilə uzaq olmalı və həm dünyəvi, həm də dini məsələlərdə onların təsirinə məruz qalmayaraq bunları inkar etməlidir.
Allaha aciz bir qul olaraq dua edirik ki, haqqı həqiqətən axtaranların könüllərini və ruhlarını təmizləsin və möminlər camatına bərəkət versin.
Amin.
http://islam-qa.com/en/ref/11819
[1] Ali-İmran,19.
[2] Ali-İmran,85.
[3] əl-Maidə,48.
[4] əl-Bəqərə, 256.


