Dəvət edirəm, lakin münafiqlik etdiyimi və imanımın zəif olduğunu güman edirəm
Sual: Sizə çox mühüm və təcili bir sualım var. Həqiqətən də sualıma təfsilatlı cavab istəyirəm, belə ki, sizin cavabınız mənim həyatımda dönüş yarada, dəyişə bilər!!! Daha çox məlumat lazımdırsa mənə məktub yazmağınızı rica edirəm. Xahiş edirəm sualım uzun olduğu üçün səbirli olun, çünki düşünürəm ki, sizi nə qədər çox məlumatlandırsam, sualıma bir o qədər dolğun cavab verəcəksiniz.
Mən Qərbdə yaşayıram və müsəlman ailəsində dünyaya gəlmişəm. Hələ yeniyetmə yaşlarımdan İslamda fəal olmuşam. Gənc yaşlarımdan bəri İslama iman gətirmişəm və insanların namaz qılmadan necə yata biləcəklərinə təəccüb edirdim!!
İndi çox yaşlanmışam və tamamilə dəyişmişəm. İslama və Allaha olan etiqadım yoxa çıxıb. Ümumiyyətlə ən alçaq açıq bir münafiq olmuşam. Qadınlardan uzaq dururam, lakin pornoqrafiyadan yox. Hazırlaşıram və bundan əl çəkməyə çalışıram, mənim zəifləməyimin səbəbi ola bilsin ki, məhz budur, lakin artıq başa düşmüşəm ki, çox gecdir. Çünki bu problemimin bir budağıdır və kökü deyil. Çünki problemimin kökü Allaha və İslama iman məsələsidir. Bəzən düşünürəm ki, tənbəllik edirəm. Belə ki, Allah haqqında daim xətalı fikirlərə düşürəm, haradan gəlmişəm, İslam, haqq və batil və s. Görünür ki, iman ilə küfr arasında, xüsusilə də namaz əsnasında mübarizə gedir.
Namazı tərk etməmişəm, lakin artıq namaz da mənə kömək etmir. Siz məni görsəniz düşünəcəksiniz ki, görünüşümdən və sözümdən əməl edən biriyəm və s. Məscidə gedirəm, oruc tuturam, lakin əslində mən həqiqi bir münafiqəm, heç kəs məni tanımır. Mən bu cür davam edə bilmirəm. Sözün doğrusu mən qeyri-müsəlmanları dəvət edirəm, lakin qəlbimdə küfr edirəm, elə isə nə üçün mən bu cür edirəm? Lakin Allah barədə birbaşa müzakirə etdikdə çaşqınlığımdan əziyyət çəkirəm, belə ki, imanımı itirmişəm və hər zaman saxta imandan əziyyət çəkirəm.
Cavab: Həmd Allaha məxsusdur.
1. Mənim qardaşım, bilin ki, istənilən bir insan üçün ən zəruri məsələ onun İslama bağlılığı və imanıdır. Allah-Təala həmin adamın dinini əmin, salamat saxlayarsa, dünyadan itirdikləri heç bir şey ona zərər toxundurmaz. Allah Məliklərin Məliki və qəlbləri çevirəndir. Qəlbi gücləndirən və onu sabit edən yalnız Odur. Bu səbəbdən, ey qardaşım, sizə nəsihətim budur ki, Allaha dönün, çünki O sevən və rəhmli Rəbbimizdir. Qullarına qarşı çox Mərhəmətlidir. Allaha ixlasla dönsəniz və həqiqi yalvarışla Onu çağırsanız və imanınızı gücləndirmək, nəfsinizin, şeytanın vəsvəsələrinin şərrindən sizi qorumaq üçün Allaha dua etsəniz, o zaman bilin ki, Allah çox yaxındır və Ona dua edənlərin, çağıranların dualarına cavab verir. Bu mühüm həqiqəti unutmayın, çünki bu sükunət mənbəyi və problemlərdən çıxış yoludur inşaAllah. Həmçinin sizə Quran mütaliəsi, səhər və axşam çoxlu dua etməyin fəzilətini xatırlatmaq istərdim. Çünki qəlbə əmin- amanlıq və rahatlıq gətirməkdə bunların böyük təsiri var.
2. Sizi Allahdan uzaqlaşdıran, şeytana və onun vəsvələrinə daha da yaxınlaşdıran şeylərdən çəkinin. Sualınızda da qeyd etdiyiniz kimi, məsələlərdən biri pornoqrafiya və s. şeylərə baxmağınızdır. Çünki bir şəxs günahda israr edərsə, günahlar qəlbdə üst-üstə yığılar, toplanar. O qədər ki, qəlbi zülmət bürüyər və artıq heç bir xütbə, xəbərdarlıq və moizədən təsirlənməz. Elə isə bu günahdan və digərlərindən tövbə etməyə tələsin, tövbənin şərtlərinə lazımınca riayət edin. Sizə digər məsləhətimiz budur ki, pis dostlarla oturmaqdan, sizi çaşqınlığa salan və yaxud şəhvət oyadan, təhrik edən yığıncaqlardan çəkinin; yaxşı insanları axtarın və onlarla yoldaşlıq edin, çünki insan öz dostunun dinindədir.
3. Sualınızdan göründüyü kimi siz spesifik psixoloji bir problemdən, yaxud maliyyə- sosial və ya digər səbəbdən əziyyət çəkirsiniz. Bunların da vəsvəsələrə əlavə təsiri var. Məsələ həqiqətən belədirsə, sizə nəsihət edirik ki, siz bu problemi tezliklə həll edin, çünki əziyyət çəkdiyiniz problemi həll etmək üçün bu çıxış yolu ola bilər. Bacardığımız qədər sizə kömək edəcəyik, inşaAllah.
4. Sizin düçar olduğunuz, yaşadığınız problemlər ola bilsin ki, mənəvi əzab, sıxıntı və yaxud təşvişdir. Bunun bu və ya digər səbəbi var. Bilirsiniz ki, Allah xəstəliyi yaratmış, lakin həmçinin onun çarəsini də yaratmışdır. Məlumdur ki, sizə kömək edəcək dərmanlar da var. Allahın lütfü ilə inşallah dərmanlar bu cür xəstəliyi müalicədə sizə kömək edəcək bir səbəb ola bilər. Ona görə də, psixoloqdan müvafiq dərman haqqında soruşa bilərsiniz.


