Zövcəsinin namazda yol verdikləri qüsurlara görə kişinin məsuliyyəti

Sual: Qadın namazlarını müntəzəm surətdə əda etmirsə yaxud oruc tutmursa yaxud dində buyurulan müəyyən öhdəlikləri yerinə yetirmirsə buna görə qadının həyat yoldaşı qiyamət günü məsuliyyətə cəlb olunacaqmı? Buna görə cəzalanacaqmı?  Məsələ ilə bağlı bu dünyada kişinin üzərinə düşən məsuliyyət nədən ibarətdir?

Cavab: Həmd Allaha məxsusdur.

Allah-Təala buyurur: “Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir” (ən-Nisa, 34).

Bu ayədə göstərilir ki, kişi qadının himayəçisi və  onun üzərində ixtiyar sahibidir. Allahın Rəsuluna (Allahın ona salavatı və salamı olsun) istinadən rəvayət olunan hədisdə belə deyilir: “Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanı (himayəçisidir) və himayəsi altında olanlardan cavabdehlik daşıyır. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur. Qulluqçu öz ağasının mal dövlətinə baxmaqda himayəçidir və buna görə məsuliyyət daşıyır. Diqqət edin! Hər biriniz çobansınız və himayəsi altında olanlara görə məsuliyyət daşıyırsınız”.

Cavabdehliyi altında olanların qarşısında məsul şəxsin üzərinə düşən ən mühüm vəzifə Allah-Təalanın vacib buyurduqlarını  yerinə yetirmək və haram etdiklərini tərk etmələri üçün Allahın əmrlərinə itaət etməkdə onları istiqamətləndirməkdir. Bunu etməklə himayəçi yaxşı işləri əmr edib, pis işlərdən çəkindirmək əmrini əda etmiş sayılır. Ona görə də, kişi  zövcəsinə Allah-Təalanın ona əmr etdiklərini yerinə yetirməyi söyləməli, Allahın haram buyurduqlarından onu çəkindirməlidir. Müsəlmanın üzərinə düşən ən böyük vacibat isə gündəlik beş namazlar, Ramazan orucudur. Bu iki rükn İslam dininin dayaqlarıdır. Odur ki, kişi zövcəsinə bunları yerinə yetirməyi, bu iki fərz ibadəti mühafizə etməyi əmr etməli və bu məsələyə etinasız yanaşmamalıdır. Eləcə də, digər vacibatlara münasibətdə də eyni davranış sərgiləməlidir. Həmçinin Allah-Təalanın haram buyurduğu söz və əməllərdən zövcəsini çəkindirməlidir. Əgər zövcəsi onun sözünə qulaq verəsə və itaət edərsə artıq məqsədə nail olunmuşdur demək. Allah-Təala buyurur: “Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (ət-Tövbə, 71).

Hər kim yaxşı işləri əmr edib, pis işlərdən çəkindirmək vacibatını yerinə yetirməyə başlayarsa bu öhdəlikdən azad olmuş sayılar, Allahın cəzasından salamat qalar. Kim bu məsələdə etinasızlıq edib tənbəllik edərsə özünü Allah-Təalanın bu əmri tərk edənləri xəbərdar etdikləri təhdid ilə üz-üzə qoyar. Allah-Təala buyurur: “İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənət oxundu. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi

 Onlar etdikləri pis əməldən əl çəkmirdilər (və ya onlar bir-birini etdikləri pis əməldən çəkindirmirdilər). Onların gördükləri iş necə də pis idi! (əl-Maidə, 78-79).

 Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir! (əl-Maidə, 109).

Müfəssirlər: “Doğru yolda olsanız” ayəsinin şərhində belə buyururlar: “Doğru yolda olsanız”, yəni yaxşı işləri əmr edib pis işlərdən çəkindirsəniz”.

http://islam-qa.com/ar/ref/12828