Zövcəsi ilə anusdan (arxa dəlikdən) cinsi yaxınlıq edəcəyindən qorxaraq evlənmək istəmir
Sual: Hələ evlənməmişəm. Bilirəm ki, kişinin zövcəsi ilə arxa dəlikdən yaxınlıq etməsi qadağandır. Lakin bunu etiraf edim ki, şəhvətim mənə qalib gəlir. Tövbə etmək və düzəlmək istəyirəm. Bununla belə bəzən günahlara qayıdıram?! Qorxuram ki, evlənsəm zövcəmlə arxa çıxışdan yaxınlıq edəm və şeytan mənə qalib gəlsin. Mənə nə nəsihət edirsiniz?
İkinci sualım belədir ki, zövcəmlə paltarın üstündən arxa dəlikdən cinsi yaxınlıq edə bilərəmmi?
Cavab: Həmd Allaha məxsusdur.
Zövcə ilə arxa dəlikdən cinsi yaxınlıq etmək şiddətli bir şəkildə haram edilib. Çünki Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “Hər kim menstruasiya zamanı yaxud arxa dəlikdən zövcəsi ilə yaxınlıq edərsə ya falçının yanına gedərsə və onun söylədiyini təsdiq edərsə Muhəmmədə nazil olana küfr etmişdir”.[1]
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) həmçinin demişdir: “Zövcəsi ilə arxa dəlikdən yaxınlıq edən lənətlənmişdir (yaxud lənət olsun)”.[2]
Qeyd etdiyiniz qorxu səbəbindən ailə qurmamaq barədə qərar verməklə ard-arda iki səhv yol vermiş olursunuz. Yəni, bir xətanı digər bir xətaya yol verməklə həll etmək istəyirsiniz. Bu kimi vəsvəsələrə fikir verməyin dininiz və dünyanız üçün sizə faydası olan işlərlə məşğul olun. Allaha dua edin ki, qəlbinizi təmizləsin və ismətinizi qorusun. Ailə qurmağa tələsin, çünki bu sizin üçün ən yaxşı əlacdır. Allahın qəzəbinə gəlməkdən və Onun şiddətli cəzasından həzər edin, qafillərdən olmayın.
Allah-Təalanı çoxlu zikr edin və ibadətləri çoxaldın, baxışlarınızı aşağı salın və haram şeylərə baxmaqdan çəkinin və günah işlərə son qoyun ki, bu kimi şər və şeytani fikirlər sizdən sovuşsun.
Paltarın üstündən qadına arxa dəlikdən cinsi yaxınlıq etmək məsələsinə gəldikdə bundan uzaq durmaq vacibdir. Sürüsünü qoruğun ətrafında otladan və tezliklə qoruğun hüdudlarını aşan çoban kimi olmayın. Necə ki, bu barədə hədisdə bildirilir.[3]
İbn Rəcəb (Allah ona rəhmət etsin) demişdir:
“Allah Azzə və Cəllə bu haramları mühafizəyə almış və qullarına bunlara yaxınlaşmağı yasaq etmiş və bu haram şeyləri Özünün hüdudları adlandırmışdır. Allah-Təala buyurur:
“Bunlar Allahın sərhədləridir, onlara yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə (Ondan) qorxalar” (əl-Bəqərə, 187).
Buradan aydın olur ki, Allah Öz bəndələri üçün halal və haram dairəsi müəyyən etmişdir ki, onlar qadağalara yaxınlaşmasınlar və halal dairəsini aşmasınlar. Allah-Təala başqa bir ayədə buyurur:
“Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz onlar zalımlardır” (əl-Bəqərə, 229).
Sürüsünü qoruğun ətrafında otladan və buna yaxın olan tezliklə ora daxil olacaq. Eyni fikri halal hüdudlarını aşıb şübhələr dairəsinə daxil olanlar barədə də söyləmək olar. Həmin şəxs əvvəlcə sadəcə yaxınlaşmaq məqsədilə haram bir şeylə yaxınlaşır, lakin tezliklə yasaq edilmiş əməlləri açıq-aydın işləyir. Bu göstərir ki, haramlardan uzaq durmaq və özümüzlə onların arasında maneə qoymaq vacibdir.[4]
Allahdan diləyimiz budur ki, bizi və sizi hər cür şərdən hifz etsin və bizi halalla qane olanlardan etsin. Həmçinin istəyimiz budur ki, haram deyil halal ilə kifayətləndirsin.
Ən doğrusunu Allah bilir.
http://www.islam-qa.com/ar/ref/14394
[1] Tirmizi, 135; ibn Macə, 639; Şeyx əl-Albani “Səhih ət-Tirmizi”də hədisi səhih deyə təsnif etmişdir.
[2] Əhməd, 9731; Əbu Davud, 2162; Şeyx əl-Albani “Səhih Əbi Davud”da hədisi həsən deyə təsnif edib.
[3] Buxari, 25; Muslim, 1599.
[4] Cami əl-ulum vəl-hukam, 1/208.


