Hüzn-kədər və sıxıntını müalicə etməyin ən effektiv yolu

 

Sual: İnsanlar sıxıntıdan o dərəcədə təsirlənirlər ki, bu onların fiziki və əqli sağlamlığında dərin izlər buraxır, riqqət oyadır. Sıxıntı və narahatçılığın aradan qalxması üçün dua etməklə yanaşı müsəlman bir psixoloq və psixiatrın köməyi üçün ona müraciət etmək olar? Belə ki, ola bilsin ki, sıxıntı keçirən insanın problemlərin həlli ilə əlaqədar müəyyən əqli çətinlikləri var. Buna icazə verilirsə, elə isə həkimin əqidəsinin doğru olub-olmamasını yoxlamaq vacibdirmi? Həmçinin sıxıntının, təlaşın səviyyəsini, dərəcəsinin daha yaxşı şəkildə öhdəsindən gəlmək üçün həkim tərəfindən yazılan sıxıntıya qarşı dərmanlar və yaxud insanın halının tənzimlənməsi üçün yazılan əlaclardan istifadə etmək olar?

Cavab:
Həmd Allaha məxsusdur.

İnsanın başına gələn xəstəlikləri müalicə etməkdə heç bir yanlışlıq yoxdur. Bu, Şəriətdə qadağan edilməyib. Lakin qoyulan şərtlərdən biri budur ki, müalicə ilə problemin özündən daha zərərli yan təsirlər meydana çıxmamalıdır.

Sıxıntı, mənəvi əzab kimi mənəvi xəstəliklər və yaxud müxtəlif ağrılı fiziki xəstəliklərə düçar olan insana məsləhətimiz budur ki, hər şeydən əvvəl həmin xəstəliyi, problemi Şəriətimizdə buyurulan rüqyalar vasitəsilə müalicə etməyə çalışsın. Yəni, Şəriətdə tövsiyə olunan Quran ayələri və hədislərə müraciət etsin. Bu ayə və hədislərdə xəstələr üçün şəfa yolları göstərilir.

Bundan sonra xəstəliyinizi Allah-Təalanın xəlq etdiyi bal, bitkilər kimi təbii maddələrlə müalicə etməyinizi məsləhət görürük. Çünki Allah-Təala həmin bitkilərdə xüsusi özəlliklər yaratmışdır ki, bir çox xəstəlikləri onlarla müalicə etmək olur və eyni zamanda bunları qəbul edən xəstə üçün bunun yan təsirləri yoxdur.

Hesab edirik ki, sıxıntının müalicəsi üçün kimyəvi üsullara baş vurmağa lüzum yoxdur. Çünki bu cür xəstəliklər üçün kimyəvi deyil, mənəvi müalicə üsullarına baş vurulmalıdır.

Beləcə, həmin insan hər şeydən öncə imanını artırsın və Rəbbinə olan təvəkkülünü qüvvətləndirsin. Çoxlu dua və çoxlu ibadət edib namaz qılsın. Bunu edərsə, onun təlaşı, sıxıntıları keçib gedəcək. İbadət, itaət əməllərini etməklə rahatlıq tapmağın, dincəlməyin insanın ruhu üzərində böyük müsbət təsirləri var. Belə ki, bunlar bir çox psixoloji xəstəlikləri aradan qaldırır. Nəticə etibarilə, əqidəsi, inancı düzgün olmayan bir psixoloqun yanına getməklə sizin üçün  hər hansı bir faydanın hasil olacağını düşünmürük. Hələ kafir olan birinin yanına getmək bir tərəfə qalsın. Həkim Allah və Onun dini haqqında nə qədər elmli olarsa, öz pasientinə bir o qədər yaxşı məsləhət verir.

Allah-Təala buyurur: “Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!)”.[1]

Şüeyb rəvayət edir: Allah Rəsulu sallallahu aleyhi və səlləm dedi: “Möminin halı necə də qəribədir, çünki onun bütün işləri xeyirdir, xeyir var. Bu isə ancaq möminə xasdır. Onun başına xeyir bir iş gəldikdə şükr edər və bu onun üçün xeyir olar, başına xoşagəlməz bir iş gəldikdə o buna səbir ilə dözər, və bu da onun üçün xeyir olar”.[2]

Bu dünya həyatı müsəlmanın əsas dərdi-qəmi, fikri-zikri olmamalıdır. Ruzi məsələsi onun xəstəliyini və təlaşını, sıxıntısını daha da ağırlaşdıracaq qədər onun qəlbində və yaxud ağlında özünə yer tapmamalıdır.

Ənəs radiyallahu anhu rəvayət edir: Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “Kimin dərdi axirət dərdi olarsa Allah zənginliyi onun qəlbində edər. İşlərini düzüb qoşar, dünya istəmədiyi halda ona gələr. Kimin dərdi dünya olarsa Allah kasıblığı onun qarşısında edər. Allah onun işlərini dağıdar. Ona dünyasından yazılandan başqası verilməz”.[3]

İbn əl-Qeyyim Allah ona rəhmət etsin deyir: “İnsan bütün gününü başqa dərd-qəm, qayğı ilə deyil yalnız Allah Sübhənahu və Təalanı fikirləşməklə keçirərsə, Allah onun bütün ehtiyaclarının öhdəsindən gələr, qayğısına qalar və onu narahat edən hər bir şeyi həll edər. Allah-Təala həmin qulun qəlbini boşaldar ki, qəlbi yalnız Ona qarşı sevgi ilə dolsun, dilini azad edər ki, dili yalnız Allahı zikr etsin və onun bütün əzalarını Allaha itaət etmək istiqamətində çalışdırar”.

Lakin qul bütün gününü yalnız dünyanı fikirləşməklə keçirərsə, Allah onu dünyanın sıxıntısı, qəm-kədəri, təlaşı və ağrılarını daşımağa vadar edər; Allah-Təala onu özbaşına tərk edər və onun qəlbini Allaha sevgidən məxluqa qarşı olan sevgiyə yönəldər, onun dilini Allahı deyil insanları zikr etməyə yönəldər, onun savadı və gücünü onlara itaətə və onlara xidmətə yönəldər. Beləcə bu kəs çoxlu səy göstərər, bəzi işçi heyvan kimi zəhmət çəkər ki, Allahdan başqa şeylərə xidmət etsin… Hər kim Allahın həqiqi qulu olmaqdan, Ona itaətdən və Onu sevməkdən üz döndərərsə bəzi məxluqlara xidmət etmək, sevgi və itaət etməklə yüklənər. Allah-Təala buyurur: “Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı urcah edərik və onun (Şeytanın) yaxın dostu olar”.[4]

Şeyx ibn Üseyminə Allah ona rəhmət etsin ünvanlanan sualda  deyilir:
“Mömin bir kəs ruhi cəhətdən xəstə ola bilərmi? Şəriətə görə bunun müalicəsi nədir? Həmçinin nəzərə alın ki, müasir tibb bunu yalnız müasir dərmanlarla müalicə edir.

Cavab: “Sözsüz ki, insan psixoloji və gələcək barədə narahatçılıq və keçmişinə görə peşmançılıq kimi ruhi xəstəliklərdən əziyyət çəkə bilər. Psixoloji xəstəliklərin bədənə zərərli təsiri fiziki xəstəliklərdən daha yüksəkdir. Məlum olduğu kimi, Şəriətimizdə icazə verilən vasitələrlə, məsələn rüqya ilə bu xəstəlikləri müalicə etmək, onları fiziki xəstəliklərlə müalicə etməkdən daha effektlidir”.

Xəstəlikləri müalicə etməkdə İbn Məsudun radiyallahu anhu rəvayət etdiyi səhih hədisdə qeyd olunan üsullardan biri aşağıda verilir:

İbn Məsuda istinadən rəvayət olunan səhih hədisdə deyilir:

Dərd, qəm-qüssəyə bir kəs:

“Allahummə inni abdukə, ibnu abdikə, ibnu əmətikə, nasıyəti biyədikə, madın fiyyə hukmukə, adlun fiyyə qadaukə, əs`əlukə bi kulli ismin huva ləkə, səmmeytə bihi nəfsəkə, əu ənzəltəhu fi kitəbikə, əu alləmtəhu əhədən min xalqikə, əu istə`sərtə bihi fi ilmil-ğaybi indəkə, ən təc`aləl-Qur`anə rəbia qalbi, və nura sadri, və cəlaə huzni, və zəhabə həmmi

Tərcüməsi: (Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Kəkilim (məni idarə etmək) Sənin əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin yaxud yaratdıqlarından kiməsə öyrətdiyin yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi (üçün səbəb) et)”-söyləyəsə, Allah onu üzüntü, kədərdən azad edər.

Bu, Şəriətdə buyurulan müalicə üsullarından biridir.

Həmçinin belə də demək olar: “Ləə iləəhə illə əntə, subhəənəkə inni kuntu min az-zaalimiin”.

Bu Qurani-Kərimdən ayədir. Allah-Təala buyurur: “Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbirsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüz, yaxud hokmümüzün ona yetməyəcəyini) güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): “(Ya Rəbbi!) Səndən başqa ibadətə haqqı olan heç bir ilah yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)”,-deyib dua etmişdi”.[5]

Daha ətraflı məlumat əldə etmək istəyənlər alimlərin zikr barəsində yazdıqları kitablara müraciət edə bilərlər.

• İbn əl-Qeyyim əl-Vəbil əl-Seyyib
• Şeyxul İslam ibn Teymiyyə, Əl-Kəlim əl-Tayyib
• Əl-Nəvəvi, əl-Əzkər
• İbn əl-Qeyyim, Zad əl-Məad

Lakin indiki dövrümüzdə insanların imanı zəif olduğundan, onlar Şəriətdə buyurulan müalicə üsullarına daha az üz tuturlar.

Gördüyünüz kimi hal-hazırda insanlar Şəriətdə buyurulan müalicə üsullarından daha çox fiziki dərmanlara etibar etməyə başlayıblar. Lakin insanın imanı güclü olduqda, Şəriətdə buyurulan müalicə üsulları tamamilə effektli olur və fiziki dərmandan daha sürətli müsbət təsir bağışlayır. Hər birimiz Peyğəmbərin sallallahu aleyhi və səlləm yürüşə göndərdiyi şəxsin hekayətini bilirik.

Bəzi ərəb camaatının yanında düşərgə salır. Lakin onun yanında düşərgə salan insanlar ona qarşı heç bir qonaqpərvərlik göstərmirlər. Allah-Təala onların başçılarının əqrəb tərəfindən sancılmasını iradə edir və onlar biri-digərinə deyir: “Yaxınlıqda düşərgə salan insanların yanına gedin, ola bilsin ki, onların yanında raqi[6] taparsınız”.

Səhabələr: “Siz bizə bu qədər sayda qoyun verməyincə, sizin başçınız üçün rüqya oxuyan deyilik”-deyə bildirirlər.

Onlar: “Əla”.

Beləliklə, səhabələrdən biri gedir və əqrəbin sancdığı həmin adama rüqya oxuyur. O sadəcə Fatihə surəsini oxuyur və sancılmış şəxs sanki zəncirdən azad edilmiş şəxs kimi ayağa qalxır.

Bu insan üzərində Fatihə surəsinin təsiri oxuyanın qəlbinin imanla dolu olmasından dolayı idi. Peyğəmbər sallallahu aleyhi və səlləm ondan soruşdu: “Sən haradan bildin ki, bu (Fatihə Surəsini) rüqya kimi oxumaq olar?”.

Lakin dövrümüzdə, dini bağlılığın və imanın zəiflədiyi bir vaxtda insanlar sadəcə xarici fiziki dərmanlara etibar etməyə, güvənməyə başlamışlar və bunun nəticəsi olaraq da əziyyət çəkirlər.

Digər tərəfdən də insanların ağılları ilə oynayan dələduzlar, şarlatanlar ortaya çıxıb. Onlar insanları aldatmaqda məharətlidirlər və bunu bacarırlar. İddia edirlər ki, onlar yaxşı rüqya oxuyurlar. Əslində isə onlar insanların mallarını haram yolla istismar, istehlak edib yeyirlər. Beləcə insanlar iki vəziyyət arasında qalırlar:

Birinci: İnsanlar rüqyanın tamamilə heç bir təsirinin olmadığını düşünürlər.

İkincisi isə batil, yalan, saxta və aldadıcı qiraətlər mütailə etməklə, oxumaqla insanların zehinləri, ağılları ilə oynayan fırıldaqlar.

Fətəvə İsləmiyyə, 4/465, 466

http://islam-qa.com/en/ref/21677



[1] ən-Nəhl, 97.

[2] İmam Müslim, 2999.

[3] Tirmizi 2389; Şeyx Albani Səhih əl-Cami (6510) əsərində hədisi səhih olaraq təsnif etmişdir.

[4] əz-Zuxruf,36; əl-Fəvaid, səh.159

[5] Ənbiyə, 87.

[6] Rüqya oxuyan.