Asudə vaxtımızı necə keçirməliyik?
Sual: Həddən artıq vaxtımı boş keçirmək problemindən əziyyət çəkirəm. Bunun ucbatından özümü qəribə hiss etməyə başlamışam. Məni azdıran, yayındıran bir şeydən dolayı deyil, sıxıldığımdan dolayı ibadətlərim xeyli azalıb. Quranı əzbərləmək üçün müəllimdən dərs alıram, lakin hələ də “Ammə Cüzdəyəm (30-cu cüz)”. Məndən tələb olunanları əzbərləyirəm, lakin yenə də kifayət qədər artıq boş vaxtım qalır. Özümü bu sıxıntıdan xilas etmək məqsədilə televizoru yandırıram, lakin buna nifrət edirəm və əslində televizora baxmaq istəmirəm. Saatlarla televizorun qarşısında əyləşirəm. Siz buna inana bilirsinizmi? 10 saat?! Əvvəllər az baxırdım. Bilmirəm. Xahiş edirəm mənə nəsihət edin, asudə vaxtımı necə keçirim.
Cavab:
Həmd Allaha məxsusdur.
Vaxt Allahın qullarına bəxş etdiyi ən böyük nemətlərdən biridir.
Allah bəzən hətta vaxta and içir. Allah-Təala buyurur: “And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki,”.[1]
Vaxt mühüm və bir nemət olduğundan dolayı Allah ona and içir.
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:
“Beş şeydən öncə bu beş şeyə fikir verin: Ölməmiş ikən həyatınıza;
Xəstələnməmiş ikən can sağlığınıza;
Məşğul olmamışdan öncə asudə vaxtınıza;
Qocalmamışdan öncə cavanlığınıza;
Kasıblamamışdan öncə zənginliyə”.[2]
Lakin insanların əksəriyyəti bu nemətin əhəmiyyətindən qafildirlər və vaxt ilə bağlı vəzifələrinə etinasız yanaşırlar, yəni bu vaxtı şükür və Allaha itaətlə keçirməkdə laqeydlik nümayiş etdirirlər. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “İki nemət var ki, insanların çoxu bu ikisində aldanmışlar: can sağlığı və asudə vaxt”.[3]
ət-Tibi deyir: Peyğəmbər sallallahu aleyhi və səlləm müsəlmanı (öz əməllərindən cavabdeh) sərmayədar və qazanc əldə edən, eyni zamanda öz sərmayəsini qorumaq istəyən bir tacirə bənzətmişdir. Bunu həyata keçirmək üçün yol saleh insanlar axtarmaqdır. O özü doğru-dürüst olmalı və aldanmamaq üçün ağıllı hərəkət etməli, məharətli olmalıdır. Yaxşı səhhət və asudə vaxt bizim sərmayəmizdir, Allahla iman ilə əlaqə qururuq, nəfsimizin şərli istəklərindən, meyillərindən və dinimizin düşmənindən, yəni şeytandan qorunmalıyıq, ona qarşı mübarizə aparmalıyıq ki, bu dünya və axirətdə ən xeyirli olana nail olaq. Bu, Allah-Təalanın ayədə bildirdiyinə bənzəyir:
“Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin?”. [4]
Nəfsin əmrlərinə tabe olmaqdan çəkinməli və şeytandan uzaq olmalıyıq ki, həm sərmayəmizi, həm də qazancımızı itirməyək.[5]
Madam ki, vaxt bu qədər mühümdür, elə isə müsəlmanın boş vaxt anlayışı olmamalıdır. Müsəlman, bir ibadətdən sonra digərinə, bir itaətdən sonra isə digər itaətə keçməlidir. Bütün vaxtını bir itaət və ibadətdən digərinə dəyişməklə keçirə bilmirsə, o halda vaxtını mübah, icazə verilən şeylərə sərf edə bilər. Lakin bunu edərkən niyyətinin doğru olduğundan əmin olmalıdır ki, bununla savab qazanmış olsun. Necə ki, Muaz Allah ondan razı olsun demişdir: “Oyanıram və yatıram, oyanarkən ümid etdiyim şeyi, yatdığımda da ümid edirəm”.[6]
Bacımızın üzləşdiyi problem bir neçə məsələdən qaynaqlana bilər:
Birinci: Bacımız vaxtın dəyərini başa düşməyə bilər. Yuxarıda qeyd olunduğu kimi bu insanların əksəriyyətinə aiddir. Hətta bundan daha acınacaqlısı odur ki, bu böyük nemətə etinasız yanaşmaqla bacımızın asudə vaxtı onun üçün həlak edici bir amilə çevrilib və vaxtı düşmən hesab edərək onu öldürmək istəyir, lakin o dərk etmir ki, bununla o yalnız özünü öldürür.
İkinci: Qadın özünü sıxıntılı hiss edir. Şübhəsiz ki, vaxtı və həyatı israf etmək insanda dərin sıxıntıya gətirib çıxarır. Çünki insan hiss edir ki, o heyvan kimidir, yeyir ki, yatsın, yatır ki, yesin. Belə ki, bir çox kafirlərin sıxıntı ilə üzləşdikdən və digər sağalmaz xəstəliklərə tutulduqdan sonra öz həyatlarına intiharla son verdiklərinin şahidi oluruq. Allah bizləri onları imtahan etdikləri şeylərdən əmin və sağ-salamat etsin. Sıxıntının ən başlıca səbəblərindən biri Allaha asilik, üsyandır. Şözsüz ki, televizora baxmaqla insanın vaxtını israf etməsi insanı günaha sürükləyir. Məsələn, haram şeylərə baxır və qulaq asır, vaxtını israf edir və bu şərli cihazın müxtəlif fəsadlarına məruz qalır. Bu bacının Quran əzbərləmək üçün tədris məşğələlərinə qoşulmaqla əldə edəcəyi böyük faydalar televizorun qarşısında oturmaqla tam olmasa da qismən bunların silinməsinə səbəb olur. Yaxşı əməllər pis əməlləri sildiyi kimi, pis əməllər də yaxşı əməllərin itirilməsi ilə nəticələnir.
Üçüncü: Vaxt məsələsinə gəldikdə o bundan əl çəkmişdir və öz vaxtını faydalı işlərlə məşğul emtək üçün onda əzm, qətiyyət yoxdur.
Bu problemin həlli istiqamətində bacı aşağıdakılara nail olmaq üçün səy göstərməlidir:
1. Zikrlər oxumaq, namaz qılmaq, Quran oxumaq, oruc tutmaq və Allahın ayələri və nemətləri üzərində təfəkkür etməklə ibadət etmək;
2. Qurana xüsusi diqqət yetirmək; Çünki bacımız deyir ki, o Qurandan yalnız tələb olunan qədər əzbərləyir, daha sonra isə onun boş vaxtı qalır və bu vaxtı televizora baxmaqla öldürür. Nə üçün həmin boş vaxtı Allahı xatırlamaq və Quran oxumaqla keçirmir, Quranı tamamilə əzbərləmək üçün daha çox əzbərləmir? Bütün bunları cavabdehlikləri, məsuliyyət ilə yüklənməmişdən öncə etməlidir, əks halda gec olacaq. Quranın hər bir hərfinin oxunuşuna görə həsənət var, hər həsənət on misli qədər savab gətirir. Hər bir ayə insanın məqamını və savabını artırır. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Oxu və (məqamca Cənnətin dərəcələrinə) yüksəl, bu dünyada tərtil (ağır-ağır) ilə oxuduğun kimi elə oxu, çünki sənin (axirətdə) məqamın oxuduğun son ayəyə görə müəyyən olunacaqdır”.[7]
3. Yaşadığınız ölkədəki qadınlara müsbət təsir edəcək bir işlə məşğul olmaq; Məsələn, müsəlman qızlara dərs keçmək üçün onlara kömək edin, xeyirxah layihələr həyata keçirin və s.
4. Görüşmək və bir araya gəlmək üçün yaxşı və saleh rəfiqələr tapmaq;
5. Xüsusilə İslami kitablar, ümumiyyətlə isə faydalı qissələr oxumaq;
6. Dəvətlə, həmçinin İslami mərkəzlərdə qadınlara aid əməllərlə məşğul olmaq;
7. Kasset və xütbələrə qulaq asmaq, icmallar yazaraq digərlərinin faydalanması üçün bunları paylaşmaq;
8. Yemək bişirmək, toxumaq və s. kimi dünyəvi elmin faydalı sahələrini öyrənmək;
9. Kompüter və faydalı proqramlar öyrənmək; çünki bu böyük bir sahədir. Çox vaxt aparır, çoxlu xeyir və faydalı işlər görmək üçün bu proqramlardan istifadə etmək olar. Bu proqramlar ilə məşğul olmaq sizi televizorun qarşısında oturmaqdan çəkindirəcək. Çünki televizorun qarşısında oturmaq sizə istənilən halda kömək etmir, xeyirdən daha çox zərər verir.
10. Vaxtın əhəmiyyəti, qiymətindən və onu necə keçirməkdən bəhs edən bəzi kitablar mütaliə etmək. Bu mövzuda həmçinin bəzi faydalı xütbələrə də qulaq asa bilərsiniz.
Xeyir olan bütün işləri görməkdə Allah sizə və bizə yardım etsin.
http://islam-qa.com/en/ref/47398
[1] əl-Əsr,1.
[2] Səhih əl-Cami, 1077.
[3] əl-Buxari, 6412.
[4] əl-Səff,10.
[5] Fəth əl-Bari, İbn Həcər.
[6] Buxari 6923; Muslim 1854.
[7] Əbu Davud 1464; Şeyx Albani “əl-Səhihə 2240” hədisi səhih olaraq təsnif etmişdir.


