Zövcəsi ilə bacıları arasında yaşanan problemlərdən şikayət edir

Sual: Bacılarım zövcəmi xoşlamırlar və həmişə problem yaradırlar. Xahiş edirəm mənə nəsihət verəsiniz. Bacılarım və yaxud zövcəm ilə əlaqələrimi kəsimmi?

Cavab: Həmd Allaha məxsusdur.

Allah-Təala ailə bağlarını, münasibətlərini davam etdirməyi və həyat yoldaşına qarşı gözəl davranmağı əmr edir. Biz sizə əsla bacılarınız və yaxud həyat yoldaşınızla əlaqələrinizi kəsməyi söyləmərik! Daha doğrusu belə deyirik: “Onları bir araya gətirin və bu ayrılığı, bölünməni daha da pisləşdirməyin”.

Sevgi Allahdan gəlir. Allah Sübhənahu və Təala sevgi yaradacaq, eləcə də nifrət doğuracaq səbəblər yaratmışdır. Odur ki, siz öz münasibətlərinizə bir göz gəzdirin və yaranan nifrət və düşmənçiliyin səbəblərini araşdırın ki, bunları aradan qaldıra biləsiniz. Eləcə də, sevgi yaradacaq səbəbləri də bir araya cəm edin ki, bunu təşviq edəsiniz.

Sevgi yaradacaq səbəblərə aiddir: salam vermək, hədiyyələşmək, xəstələndikdə ziyarət etmək, ehtiyac içində oldquda yardım etmək və əlaqələri gücləndirmək və insanlar arasında sevgi yaratmaq üçün İslam dinində bildirilən bir çox digər səbəblər.

Hər iki tərəf arasında sülh yaratmaq üçün, onlara fərdi olaraq Allahı xatırladın və Allah-Təalanın qeybət etmək, təhqir etmək, iftira atmaq və insanların şəxsi işlərinə qarışmaq barədə xəbərdarlığını onların yadına salın.

Allah-Təalanın qoyduğu hüdudları gözləmək, pozmamaq və hər iki tərəfə haqlarını tanımaq, qarşı tərəfin haqlarına hörmət etmək və onları alçaltmamaq və yaxud əsəbləşdirməmək evdə və yaxud münasibətlərinizdə səadət, xoşbəxtlik və dinclik, rahatlığın əldə olunmasını təmin edir.

Zövcənizə və bacılarınıza nəsihət edin ki, onlar bir-biri ilə yaxşı davransınlar və onların arasında mövcud olan problemləri və münaqişələri aradan qaldırmağa çalışın. Zövcəniz və bacılarınız eyni evdə qalırsa, onların arasını barışdıra bilmirsinizsə, zövcəniz üçün ayrıca mənzil təmin etməyiniz pis olmazdı. Həqiqətən, bu cür etmək onların arasında yaranan mübahisənin aradan qalxmasına səbəb ola bilər.

Həyat yoldaşınıza nəsihətimiz budur ki, ərinin ailəsinə qarşı dostyana yanaşsın və onlar ilə bacardığı qədər yumşaq, gözəl davransın və şəriətdə qadağan olunan hər hansı bir addım atmasın. Ərinin ailəsinə hörmət etmək qadın ilə əri arasında münasibətlərin yaxşı davam etməsinə səbəb olur.

Allahdan diləyimiz budur ki, sevdiyi və razı qaldığı işləri görməkdə sizə yardımçı olsun. Allahdan istəyirik ki, sizi sözlərin, əməllərin və münasibətlərin ən yaxşısını yerinə yetirməyə müvəffəq etsin.

Ən doğrusunu Allah bilir.

http://islam-qa.com/en/ref/32731