Hamilə qalmamaq üçün spiral qoymaq və yaxud doğuş əleyhinə dərmanlardan istifadə etmək
Sual: Hamiləliyin qarşısını almaq məqsədilə spiraldan (UDA-uşaqlıqdaxil alət) istifadə ilə əlaqədar Şəriət hökmü nədir? Bilirəm ki, bu cür vasitə yumurtanın mayalanmasının qarşısını almır, amma rüşeymin uşaqlıq divarına bitişməsinə mane olur. Allah sizi xeyirlə mükafatlandırsın.
Cavab:
Həmd Allaha məxsusdur.
Şeyx ibn Üseymin (Allah ona rəhmət etsin):
“Müsəlmanların üzərinə düşən vəzifə bacardıqları qədər çox uşağa sahib olmaqdır. Çünki bu Peyğəmbərin (sallallahu aleyhi və səlləm) buyurduğu bir əmrdir. Rəsulullah (sallallahu aleyhi və səlləm) demişdir: “Sevən və doğan qadınlarla evlənin, çünki mən sizin böyük sayınızla fəxr edəcəm”. Belə ki, uşaqların sayının artması ümmətin sayını artırır. Yüksək say qürur və iftixar mənbəyidir. Necə ki, Allah-Təala İsrail oğullarını zikr edərək buyurur: “Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq”.[1]
Həmçinin Şüeyb (aleyhissalam) öz xalqına demişdir:
“Hər yolun başında oturub Allaha iman gətirənləri hədələyib Onun yolundan sapdırmayın və onu əyri göstərməyə çalışmayın. Xatırlayın ki, siz az idiniz, O sizi çoxaltdı. Bir görün fəsad törədənlərin aqibəti necə oldu”.[2]
Heç kəs inkar etmir ki, ümmətin sayı artarsa, bu qürur və qüvvət gətirir. Bu, pis gümana qapılan insanların düşündüyünün əksinədir. Belə ki, onlar düşünürlər ki, ümmətin sayının çoxluğu ümmət üçün yoxsulluq və aclıq səbəbidir. Ümmətin sayı artarsa və ümmət Allaha təvəkkül edib Onun vədinə iman gətirərsə, necə ki, Allah-Təala buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)”[3], o zaman Allah-Təala ümmətin işlərini asanlaşdırar və Öz nemətindən onlara kifayət qədər bəxş edər.
Buna əsaslanaraq suala aşağıdakı şəkildə cavab vermək olar:
“Burada qeyd edəcəyimiz iki şərt ödənmədikcə doğuşun qarşısını alan dərmanlardan istifadə etmək olmaz:
1. Xəstəlik, hər il hamiləliyə tab gətirə bilməmək və yaxud fiziki cəhətdən zəiflik, hər il hamilə qalmağın qadın üçün zərərli olması kimi digər səbəblər olmalı;
2. Həyat yoldaşının icazəsi: çünki uşaqlara sahib olmaq kişinin haqlarındandır. Bunu edərkən həmçinin həkimin məsləhəti də nəzərə alınmalıdır, yəni bu dərmanları qəbul etdikdə bunun qadına zərəri olub-olmayacağını bilmək lazımdır.
Qeyd olunan bu iki şərt yerinə yetirilərsə, o zaman bu dərmanları istifadə etmək olar. Lakin bu müntəzəm olmamalıdır. Yəni hamilə qalmağın qarşısını almaq üçün qadın daim bu cür dərmanlardan istifadə etməməlidir. Çünki bu, nəslin qarşısını alır”.[4]
Şeyx İbn Üseymin (Allah ona rəhmət etsin) mayalanmanın qarşısının alınmasından doğan fəsadlardan danışarkən belə buyurur:
“Doğuşun qarşısını almaq üçün dərmanlar: Həkimlərin bunların zərərli olduğunu qeyd etdiklərini bir neçə mənbədən eşitmişəm. Hətta bunları həkimlərdən eşitməsək belə, bunları özümüz də bilirik. Çünki Allah-Təalanın yaratdığı və Adəmin qız övladları üçün təqdir etdiyi təbii bir şeyin qarşısını almaq şübhəsiz ki, zərərlidir. Allah Hikmət Sahibidir və Allah-Təala bir səbəbdən dolayı yalnız müəyyən vaxtlarda axacaq bu qanı yaratmışdır. Bu cür dərmanlardan istifadə edərək bunun qarşısını almaq istəsək, şübhəsiz ki, bu zərər verir”.
Lakin eşitdiyimə görə məsələ bizim təsəvvür etdiyimizdən daha ağırdır. Belə ki, bunlar uşaqlığın dağılmasına səbəb ola və əsəb pozuntuları ilə nəticələnə bilər. Bu elə bir şeydir ki, bundan hər birimiz agah olmalıyıq”.[5]
[1] əl-İsra,6.
[2]əl-Əraf,86.
[3] Hud,6.
[4] Müsəlman qadınlara dair fətvalar, 2/657, 658.
[5] Liqa əl-Bab əl-Məftuh, sual № 1147.


