Ayparanı rəmz götürmək
Sual: Müsəlmanlarda ulduz və aypara rəmzinin mənası nədir? Sizin saytınızda açar sözlərə uyğun olaraq axtarış etdim və kitabxanda ədəbiyyat siyahısında baş vurdum, lakin Osmanlı Xilafətinin bayrağı barədə ədəbiyyatdan başqa bir şey tapa bilmədim. Maraq göstərdiyinizə görə təşəkkür edirəm.
Cavab: Həmd Allaha məxsusdur.
Şəriətdə aypara və yaxud ulduzu müsəlmanların rəmzi qəbul etməyə dair heç bir əsas yoxdur. Peyğəmbərin sallallahu aleyhi və səlləm dövründə və yaxud Raşidi Xəlifələrin[1] dövründə, Əməvilərin dövründə belə bir şey məlum olmamışdır. Bu məsələ bundan bir müddət sonra peyda olmuşdur və tarixçilər ilk dəfə bu rəmzin nə zaman və kim tərəfindən qəbul edilməsi barədə fikir ayrılığına düşmüşlər. Bəziləri bunun ilk dəfə Farslar, digərləri isəYunanlar tərəfindən qəbul edildiyini bildirirlər. Bu rəmz hansısa bir yolla müsəlmanlara keçmişdir.[2]
Bildirilir ki, müsəlmanların ayparanı şüar kimi qəbul etməsinin səbəbi budur ki, müsəlmanlar bəzi Qərb ölkələrini fəth etdiklərində kilsələrin üstündə xaç var idi, müsəlmanlar da öz növbəsində xaçları aypara ilə əvəz etdilər və bu əməl bu cür minvalla yayıldı. Vəziyyət necə olursa olsun, rəmzlər və bayraqlar İslamın təlimlərinə uyğun olmalıdır, bu rəmzin İslamda məşru olduğuna dair heç bir dəlil yoxdur, yaxşı olar ki, bundan istifadə olunmasın. Nə aypara, nə də ulduz müsəlmanların rəmzləri deyildir, hətta bəzi müsəlmanlar bunu rəmz kimi istifadə etsələr də.
Ay və ulduzlar barəsində müsəlmanların düşüncələrinə gəldikdə, müsəlmanlar inanırlar ki, bunlar Allahın yaratdıqlarının bir hissəsidir və bunlar insanlara nə fayda, nə də zərər vermək qüdrətində deyil. Yer üzündə baş verən hadisələr üzərində bunların heç bir təsiri yoxdur. Allah onları insanların, bəndələrinin faydalanması üçün xəlq etmişdir. Bunun nümunəsini Quran ayəsində görmək olar. Allah-Təala buyurur: “(Ya Rəsulum!) Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir”.[3]
Təfsir alimi İbn Kəsir “söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir” ayəsinin şərhində deyir: “Onlar vasitəsilə (yeni ay, hilal ilə) onlar (insanlar) öz borclarını ödəmə vaxtlarını, qadınların iddət (gözləmə müddəti) vaxtını (boşandıqdan və yaxud dul buraxıldıqdan sonra), həcc ibadətinin vaxtını öyrənə bilirlər… Allah-Təala onları əlamətlər etmişdir ki, müsəlmanlar oruca başlamaq və iftar etmək (Ramazanın əvvəli və sonu), qadınlar “iddətini” hesablamaq, borclarının ödəmək ilə əlaqədar vaxtları bilsinlər”.[4]
Digər təfsirçi alim əl-Qurtubu Allah ona rəhmət etsin bu ayənin şərhində deyir: “Bu ayə, ayın çıxması və batmasının hikmətini açıqlayır ki, bu da təyin olunmuş vaxtlarda, sövdələşmələrdə, andlarda, Həcc barəsində, iddə, oruc, iftar, hamiləliyin müddəti, icarə ödənişlərinin məbləği (tarixi) və insanlar ilə əlaqədar digər məsələlərdə (vaxtı bilməkdə) çaşqınlığa salmasın. Buna bənzər digər ayələr bunlardır:
“Biz gecə və gündüzü (qüdrətimizə dəlalət edən) iki əlamət müəyyən etdik. Rəbbinizdən ruzi diləməniz, illərin sayını və hesabı (vaxt ölçülərini) bilməyiniz üçün gecənin əlamətini (qaranlığı) silib (yerinə) gündüzün işıqlı (görünən) əlamətini gətirdik. Biz (ehtiyac hiss etdiyiniz) hər şeyi (Quranda) müfəssəl izah etdik”.[5]
“Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur”.[6]
Yeni ayı hesablamaq günləri hesablamaqdan daha asandır”.[7]
Ulduzlar: İslam alimləri bildirirlər ki, Allah bu ulduzları üç məqsəd üçün yaratmışdır:
Səmanı bəzəmək;
Şeytanları qovmaq;
Naviqasiya (gəmilərin dənizdə hərəkət etməsi və s.) üçün istiqamətləri müəyyən etmək.[8]
Allah-Təala buyurur: “Suyun və qurunun zülmətində (yolunuzu) düz getmək üçün ulduzları sizin üçün yaradan da Odur. Biz bu ayələri anlayan bir camaat üçün bu cür ətraflı izah etdik”.[9]
“And olsun ki, Biz dünya səmasını (yerə ən yaxın olan göyü) qəndillərlə (ulduzlarla) bəzədik, onları şeytanlara atılan mərmilər etdik və onlar (şeytanlar) üçün yandırıb-yaxan alovlu atəş əzabı hazırladıq”.[10]
http://islam-qa.com/en/ref/1528
[1] Peyğəmbərin sallallahu aleyhi və səlləm vəfatından sonra İslamda ilk dörd imam.
[2] Bax. Əl-Tərətib əl-İdəriyyə əl-Kittani, 1/320.
[3] əl-Bəqərə,189.
[4] Təfsir İbn Kəsir.
[5] əl-İsra,12.
[6] Yunus,5.
[7] Bax: Təfsir əl-Qurtubi.
[8] Səhih əl-Buxari, Kitab Bəd` əl-Xalq.
[9] əl-Ənam ,97.
[10] əl-Mülk, 5.


