Vəfat etmiş insana Fatihə surəsini oxumaq

Sual: Vəfat etmiş insana Fatihə oxumaq və savabını ona bağışlamaq barədə hökm nədir?

Cavab: Həmd Allaha məxsusdur.

Fatihə və yaxud Qurandan hər hansı bir hissəni oxumaq və mükafatını, savabını ölmüş insana bağışlamağa dair şəriətdə heç bir dəlil-sübut yoxdur. Biz bu cür etməməliyik. Çünki Peyğəmbərin (sallallahu aleyhi və səlləm), onun səhabələrinin (Allah onlardan razı olsun) bu cür etdiyi rəvayət olunmayıb. Dünyasını dəyişmiş müsəlmanlar üçün dua etmək və onların adından kasıblara, ehtiyacı olanlara sədəqə vermək şəriətdə var. Bu minvalla insan Allaha yaxınlaşa bilər və bu əməlinin savabını dünyasını dəyişmiş və yaxud yaşayan atasına, anasına və yaxud digər insanlara verməyi Allahdan istəyə bilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: “İnsan dünyasını dəyişdikdə onun bütün əməllərinə son qoyulur, yalnız üç şeydən başqa: davam edən sədəqə, faydalı elm və yaxud onun üçün dua edən saleh övlad”.

O cümlədən, rəvayət olunur ki, bir kişi Peyğəmbərə (sallallahu aleyhi və səlləm) dedi: “Ey Allahın rəsulu, anam vəfat edib və vəsiyyət etməyib. Mən düşünürəm ki, əgər o danışa bilsəydi, sədəqə vermiş olardı. Mən (anamın) adından sədəqə versəm ona savab yazılar? O (sallallahu aleyhi və səlləm) dedi: “Bəli”.[1]

Eyni hökm dünyasını dəyişmiş (müsəlmanın) adından həcc, ümrə etmək və onun borcunu vermək məsələsinə də şamil edilir. Şəriət dəlillərində rəvayət olunduğu kimi bu əməllərin hamısının ona faydası dəyəcək. Lakin sual verən şəxs dünyasını dəyişmiş insanın ailəsinə pul və yaxud ət verməklə (yəni, ərzaq və s.) onlara gözəl, yaxşı davranmağı nəzərdə tutursa və kasıbdırlarsa bunda heç bir yanlış bir şey yoxdur.

Müxtəlif Məqalələr və Fətvalar Məcmusu, əl-Şeyx Abd əl-Əziz ibn Abdullah ibn Bəzz (Allah ona rəhmət etsin), cild 9, səh.324

 


[1] Hədis səhihdir.