Zəlalət Əhlinin kitablarını oxumaq məsləhət deyil 
Sual: Mən rafizi və sufilərin kitablarını və yazılarını oxumağı xoşlayıram. Elmimin az olmasına rəğmən Allaha həmd olsun ki, bəsit bir səbəbdən yəni onların dininin yanlış, batil olduğunu bildiyimdən onların arasından şübhəli dəlilləri seçməyi bacarıram. Onlardan bir çoxu ekstremistdir və yaxud adam onlara acıyır, yazığı gəlir, çünki onlaırn çoxu miskin, avam, cahil adi kütlədir və bu təriqətlərə tabe olanların başçıları onların nadan və avamlığından istifadə edərək onları aldadır və zəlalətə aparırlar. Sizcə mən onların kitabların oxumağa davam etməliyəm, yoxsa buna son qoyum?
Cavab:
Həmdü-sənalar Allaha məxsusdur.
Müsəlman bir şəxs əqidəsini və imanını mühafizə etməli, qorumalı, fitrəti və düşüncə tərzinin sağlam olduğundan əmin olmaq üçün bundan narahat olaraq qayğısına qalmalıdır. Şübhəli sübut-dəlillər və çaşqınlıqdan, fitnələrdən imanının və qəlbinin salamatlığı üçün uzaq durmalı, qaçınmalıdır, çünki qəlblər zəifdir və şübhəli, əslində haqq olmayın lakin haqq kimi görünən dəlillər bidət və həva əhli tərəfindən insanlara cazibədar tərzdə təqdim edildiyində isanlar bundan aldana, tovlana bilərlər, halbuki onların təqdim etdiyi məlum dəlillər zəif və şəkk-şübhələrdən ibarətdir.
Bidət və zəlalət əhlinin və yaxud şirk, əfsanə-nağıllar, xurafat və mövhumatların olduğu kitablar və ya uzun müddətdir təhrif olunmuş digər dinlərin kitablarına və yaxud küfr və nifaq ilə dolu kitablara yalnız şəriət elmlərində dərin biliyə sahib olan və bu kitabları oxumaqdan məqsədi həmin kitablara təkzib, rəddiyyə vermək və onların səhv və xətalarını, fitnə-fəsadını izah etməkdən başqası nəzər yetirməli deyil. İslami elmlərdə dərin biliklərə yiyələnməyən insanların sözügedən kitabları oxumağına gəldikdə isə, təcrübə göstərir ki, əksər hallarda nəticə etibarilə bu cür yola baş vuran insanlar yollarını azır, zəlalətə, çaşqınlığa düşürlər. Bir çox insanlar bu cür aqibət ilə üzləşmişdirlər, hətta elm tələbələri bundan sığortalanmamış və nəticədə küfr üzərində vəfat etmişdirlər. Allah bizi bundan qorusun. Adətən bu kitabları oxuyan insanlar belə düşünürlər ki, onların qəlbləri ona təqdim olunan şübhəli dəlillərin təsirinə qarşı daha güclüdür, lakin bir də görürsən ki, bu kitabları xeyli oxuduqdan sonra özünün də ağlına və təsəvvürünə gətirdiyindən daha çox dərəcədə bu şübhəli dəlillər onun qəlbinə işləyərək, kök salaraq nüfuz etmişdir.
Elə bu səbəbdəndir ki, elm əhli, alimlər və saleh sələflərimiz arasında yekdil rəy vardır ki, bu qəbildən olan kitabları oxumaq haramdır və İbn Qüdamə əl-Məqdisi “Təhrim ən-nəzər fi kutub əl-kəlam” (Kəlam elmi (Fəlsəfə) haqqında kitabları oxumağın haram olması) adlı bir risalə qələmə almışdır.
Aşağıda bir sıra elm əhlinin, alimlərin elm əhli olmayan kəslərin bu cür kitabları oxumasının qadağan olması barədə şərhlərini, iradlarını sizin nəzərinizə çatdırırıq:
“Əl-Məvsuəh əl-Fiqhiyyə” (34/185) əsərində belə deyilir:
Hənbəlilər demişdir: Bidət əhlinin və yaxud həm haqq, həm də batil şeylərin əks olunduğu kitabları oxumaq və ya bunları nəql, rəvayət etmək icazəli deyil. Çünki, bunun zərərli təsiri var və müsəlmanın əqidəsinə mənfi təsir edir, fəsada uğradır.
Əl-Qəlyubi demişdir: Uydurma qəlbi yumşaldan rəvayətləri (rəqaiq) və hərbi yürüşlər (məğazi) barədə uydurma əsərlərdən (rəvayətlərdən) bəhs edən kitabları oxumaq haramdır.Sitatın sonu.
Əl-İfadat vəl İnşadat (44) əsərində Şatibi fətva verərək bildirmişdir ki, adi kütləyə Əbu Talib əl-Məkkinin “Qut əl-Qulub” adlı kitabını oxuması halal deyil, çünki kitabda qəribə sufi ideyaları var.
Hafiz ibn Həcər “əl-Fəth” (13/525) əsərində deyir:
Bu məsələ ilə bağlı onu ifadə etmək istəyirəm ki, imanı qəlbinə güclü nüfuz etməyən və dərin kök salmayan şəxs ilə imanı qəlbində dərin kök salan şəxsi bir-birindən fərqləndirmək lazımdır. Belə ki, birinci halda sözügedən şəxsin bu kitablardan hər hansı birini oxuması ona icazəli deyil. İkinci halda isə xüsusilə də zəlalət əhlinin arqumentlərini rədd etmək niyyətilə sözügedən şəxs bu kitabları oxuya bilər.
Muhəmməd Raşid Riza “əl-Fətəvə” (1/137) əsərində deyir:
Tələbələr və adi kütlə bu kitabları oxumaqdan çəkinməlidirlər ki, etiqad və dinin əhkamları barədə çaşqınlığa düşməsinlər, əks halda tovuz quşu kimi gəzməyi öyrənməyə cəhd edib, sonra da öz yeriş tərzini unudan hətta hoppanmağı bacarmayan bir qarğaya çevrilər. Sitatın sonu.
Fətəvə Nur alə əl-Darb əsərində (əl Təuhid vəl Əqidə/267), Şeyx İbn Üseymin, Allah ona rəhmət etsin, demişdir:
Sufi kitabları ilə bağlı bildirmək istəyirəm ki, bu kitabları (evdə və s.) saxlamaq və yaxud oxumaq olmaz. Yalnız bunlara təkzib yazmaq məqsədilə kitablarda olan bidətləri öyrənmək istəyən şəxsin bunları mütaliə etməsi istisnadır. Odur ki, bu halda həmin şəxsin məlum kitabları oxumasında böyük fayda var ki, bu da insanların bu kitabların şərrindən xilas olması, salamat qalması üçün bu bidətlərə qarşı çıxıb bunları çürütməkdir.
Daimi Heyət “Məcəllət Buhus İlmiyyə” (19/138) deyir:
Kişi və qadın hər bir mükəlləf şəxsə bidət və zəlalət kitablarını, xürafat və batil iddiaların dərc olunduğu və sağlam üstün əxlaqi dəyərlərdən uzaqlaşmağa dəvət edən jurnalları oxumaq haramdır. Lakin bu kitablarda mövcud olan küfr və zəlalətə rəddiyyə vermək və bu kitabların müəlliflərini doğru yola istiqamətləndirmək, bidət və zəlalət əhlinin əməllərini töhmət, məzəmmət etmək və insanları onların şərrindən çəkindirmək məqsədilə bunları bunları oxuyan kəs istisna təşkil edir.
Bütün bu şübhələrdən əmin-aman, salamat qaldığınız və bunlara heç bir ehtiyacınız olmadığınız halda axı nə üçün özünüzü şərr, münkər və şübhəli arqumentlər ilə baş-başa buraxasınız ki? Bunlardan sağ-salamat qaldığınız üçün Allaha həmd edin, hidayət və səbat, dində sabitlik neməti üçün Rəbbinizə şükür edin; bu neməti qoruyun və bu nemətin dəyərini azaldacaq şeylərə özünüzü məruz qoymayın.
Batilin arxasınca düşərək buna vaxt sərf etmək üçün ömür səhifəsimiz o qədər də uzun deyil, çox qısadır. Haqq, xeyir-bərəkət və faydalı elm boldur və əgər bir insan bütün ömrünü təfsir, hədis, fiqh, qəlbi yumşaldan əsərlər, zühd, ədəb və tərbiyə və s. kimi faydalı elm kitablarını oxumaqla keçirərsə, elmə olan susuzluğunu söndürməyə qabil olmaz, elə isə Rafizilər və Sufilərin qələmə aldığı xurafat, əfsanə, mövhumat və zəlalət kitabları onu bu məqsəddən niyə yayındırsın ki?
Dahi alim İbn əl-Cəuzinin faydalı elmə diqqət yetirmək barədə nəsihətini diqqətinizə çatdırırıq. Seyd əl-Xatir (54-55) əsərində buyurur:
Elm əhlinə gəldikdə, mən ona: Sadəcə faydalı elm üzərində fikrini cəm et və yaxud bu elmin bəzi qismi ilə məşğul olmaqla yetin, demirəm.
Daha doğrusu mən ona üz tutaraq deyirəm: Ən mühüm olandan başla, çünki hikmətli, aqil insan həyatın nə qədər qısa olduğunu başa düşür və ona görə də, bunu rəhbər götürərək, buna müvafiq hərəkət edir. Baxmayaraq ki, hər bir şeyi öyrənmək üçün bir ömür buna bəs etmir, əksinə o bacardığı qədər ən xeyirli olanları icra etməlidir.
Sonra, elmdən nəsibi olanı öyrəndikdə, artıq səyahəti üçün azuqə edinmişdir, bundan öncə vəfat edərsə isə, bu halda niyyəti ona yardım edəcək.
Odur ki, elm öyrənmək və əməl etməklə insan bunlardan var gücü ilə istifadə etməlidir. Sitatın sonu.
Ən doğrusunu Allah bilir.
Muhəmməd Saleh əl-Münəccid
|