Rükuya gedərkən səcdə yerinə baxmaq barədə dəlil varmı?
Sual: Elmi Tədqiqatlar və Fətvalar üzrə Daimi Heyətin bir fətvasını oxumuşuq. Fətva üçün müraciət olunan sualın rəqəmi 8580 olmalıdır. Fətvada qeyd olunur ki, namaz qılan şəxs rükuya gedərkən səcdə yerinə baxmalıdır. Bu rəyi dəstəkləyən hər hansı bir dəlil varmı?
Cavab:
Həmd Allaha məxsusdur.
Əvvəla:
Namaz əsnasında səcdə yerinə baxmaq ilə bağlı səhih sünnədə Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) bu məsələdə təlim və tədrisindən bəhs edən hədislər var. Bunlar ümumiyyətlə namazın bütün hissələrinə şamil edilir. Aşağıda verdiyimiz mətn Daimi Heyətin alimlərinin 8580 nömrəli fətvada verdiyi suala cavabdır:
İbn Hibban (4/332) və əl-Hakim (1/625) Aişənin (Allah ondan razı olsun) belə söylədiyini rəvayət etmişdirlər: “Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) Kəbəyə daxil oldu və oradan çıxanadək səcdə yerindən kənara baxmadı.” Şeyx Əlbani “Peyğəmbər Namazı” adlı kitabında bu hədisi səhih olaraq təsnif edib.
İmam Əbdürrəzzaq əl-Sən`aninin “əl-Müsənnəf” əsərində mövzuya dair sələfdən iqtibas etdiyi xəbərlər aşağıda verilir:
1. Əbu Qəlabənin belə dediyi rəvayət olunur: Mən Müslim ibn Yəssardan namaz qılarkən baxışlarımın hara düşməli olduğu barədə soruşduqda o belə cavab verdi: “Səcdə etdiyin yerə düşürsə əla.”
2. Rəvayət olunur ki, İbrahim ən-Nəhai namaz qılan kəsin baxışlarının səcdə yerindən başqa yerdə dolaşmasını xoşlamazdı.
3. Rəvayət olunur ki, İbn Sirin namaz qılan kəsin baxışlarını səcdə yerinə cəmləşdirməsini xoşlayırdı.
Əbdürrəzzaq “Müsənnəf” (2/163)
Daimi Heyət alimlərinin söylədikləri cumhurun rəyidir:
Əbu Hənifə, əl-Şafei, Əhməd. Onlardan bəziləri namazda təşəhhüd məsələsini bundan istisna etmişdirlər. Belə ki, təşəhhüddə namaz qılan şəxs barmağına baxır. Bu əsaslı bir istisnadır və Səhih Sünnədə varid olan xəbərlər bunu dəstəkləyir.
Abdullah ibn Zübeyr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) “Təşəhhüdü söyləmək üçün namazda oturduqda sol əlini sol budunun üzərinə qoyar və şəhadət barmağı ilə işarə edər və baxışlarını barmağından başqa yerə yönəltməzdi.”
Əbu Davud (990); ən-Nəsai (1275); Ən-Nəvəvi “Müslimin Şərhində” (5/81) hədisi səhih olaraq təsnif edib və belə demişdir: Bu məsələdə sünnət budur ki, baxışlar şəhadət barmağından başqa yerə yönəlməməlidir. Sünən Əbi Davudda bu barədə səhih hədis keçir.
Elm əhlindən bəziləri Allah Təalanın
“Sən üzünü Məscidulharama tərəf çevir!” [əl-Bəqərə 2:144]
ayəsini təfsir edərkən bildirmişdirlər ki, namaz qılan kəs namazda səcdə etdiyi yerə deyil düz qarşısına baxmalıdır. Lakin səhihlik baxımından daha zəif bir rəydir.
İbn Qüdamə demişdir:
Namazda baxışları səcdə yerinə yönəltmək müstəhəbdir. Əhməd-Hənbəlin rəvayətinə əsasən belə demişdir: Namazda lazımınca fikri cəm etmək və xüşunun mənası budur ki, namaz qılan kəs baxışlarını səcdə yerinə yönəldir. Bunu Müslim ibn Yəsar və Qətadə rəvayət etmişdir.
əl-Muğni, 1/370
İkincisi:
Səhih Sünnədə rəvayət olunur ki, namaz qılan şəxs rükuya gedərkən başını və yaxud baxışlarını qaldırmaması müstəhəbdir. Daha doğrusu başı və yaxud baxışları kürəyi ilə eyni səviyyədə olmalıdır. Aişənin (Allah ondan razı olsun) belə söylədiyi rəvayət olunur: “Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) namaza təkbir ilə başlayar, sonra “əl-həmdu lilləhi Rabbi-l `aləmin” (yəni, Fatihə surəsini) oxuyar və rükuya getdikdə başını qaldırıb və yaxud aşağı salmazdı, əksinə qaldırmaq ilə aşağı salmaq arasında orta mövqe tutardı.”
Müslim, 498
Şeyx ibn Üseymin, namazda rükunun şəkli barədə danışarkən bildirmişdir ki, rükuya gedərkən kürəyi düz xətt üzrə saxlamaq müstəhəbdir.
O belə demişdir: Kürəyini düz saxlamağın mənası budur ki, onun kürəyi aşağı gedərkən və qalxarkən düppədüz olmalıdır. Belini bükməməli və yaxud belinin ortası aşağı gələcək şəkildə onu əyməməlidir. Daha doğrusu beli düz olmalıdır. Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) rəvayət olunan bax budur. Aişə (Allah ondan razı olsun) demişdir: “O rükuya gedərkən başını nə qaldırar, nə də aşağı əyərdi”,-yəni bu ikisinin arasında bir mövqe tutardı.